XƏBƏRLƏR

Orta məktəb şagirdləri ADU-da olublar

24 aprel, 2019

Masazırda yerləşən 33 nömrəli Zəngilan orta məktəbi, Bərdədə yerləşən 1 saylı Ağdam orta məktəbi, Mingəçevirdə yerləşən 47 saylı Ağdam orta məktəbinin müəllim və şagirdləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

Universitetin rektoru, akademik Kamal Abdulla şagirdlərlə görüşüb, rəhbərlik etdiyi ali təhsil ocağında “Heydər Əliyev və müasir Azərbaycan təhsili” tələbə-şagird konfransının uğurla keçirildiyini söyləyib, şagirdlərin konfransda iştirakını yüksək qiymətləndirib.

Rektor şagirdlərə “Azərbaycan multikulturalizmi” kitabı barədə ətraflı məlumat verib və kitabın ali məktəblərə dərslik üçün hazırlandığını bildirib. O, bu kitabda ədəbiyyatın, tarixin, psixologiyanın, mədəniyyətin, dilin, ədəbiyyatın və Azərbaycanın bugünkü həqiqətlərinin əks olunduğunu diqqətə çatdırıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Azərbaycanda qışda və yayda multikulturalizm məktəbi təşkil edirik. Dərs dediyimiz xarici tələbələri Azərbaycana dəvət edirik və yerli tələbələrlə birgə bölgələrə gedirlər”.

Rektor eyni zamanda xarici ölkələrdə multikulturalizm məsələlərini təhlil edən azərbaycanlı alimlərin olduğunu da sözlərinə əlavə edib. O, qonaqlara “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabını təqdim edib.

Orta məktəbin müəllimləri pedaqoji təcrübəni yüksək qiymətləndiriblər, universitet və pedaqoji təcrübə ilə bağlı təəssüratlarını bölüşüblər. Şagirdlər də təcrübə müəllimləri ilə sıx əlaqədə olduqlarını bildiriblər, İmadəddin Nəsimi və Ana Dili ilə bağlı keçirdikləri tədbirlər haqqında danışıblar.

Masazırda yerləşən 33 nömrəli Zəngilan orta məktəbin müəlliməsi cəmiyyətə qatılmaq istəyən çoxlu fiziki qüsurlu şagirdlərin olduğunu və bununla bağlı “Əqli və fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası” adlı konfrans təşkil etdiklərini söyləyib.

Görüşdə 6-7 may 2019-cu il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası” II Beynəlxalq elmi konfransın keçiriləcəyi və bu konfransda həm müəllimlərin, həm də şagirdlərin iştirakının nəzərdə tutulduğu da qeyd edilib.

Sonda məktəblərlə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.