XƏBƏRLƏR

ADU-da “Səssizlik” və “Şəbəkəsiz” filmlərinin müzakirəsi olub

26 aprel, 2019

Azərbaycan Dillər Universitetində (ADU) təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə həyata keçirilən “İnkişaf zamanı” proqramı çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən hazırlanan “Səssizlik” və “Şəbəkəsiz” qısametrajlı bədii filmlərinin ictimai müzakirəsi olub.

Tədbirin təşkilatçısı “Düşün və Yarat” platformasının rəhbəri Xumar Ağayeva gənclərin maarifləndirilməsi üçün bu cür sosial müzakirələrin davamlı olmasını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentləri Fazilə Abbasova və Gülnarə Hüseynova incəsənət vasitəsilə insanların problemlərinin daha yaxından anlamağın və problemlərə vaxtında müdaxilə etməyin mümkünlüyünü bildiriblər.

ADU-nun Pedaqogika kafedrasının müəllimi Türkan Əliyeva da məsələyə öz münasibətini bildirib, kitab oxumağın əhəmiyyətini həyati nümunələr əsasında bir daha vurğulayıb.

Filmlərin ssenari müəllifləri və rejissoru filmlərin sujet xəttinin günümüzdəki problemlərlə səsləşməsinin əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, filmlərin sujet xətti mütaliənin əhəmiyyəti, sosial şəbəkələrdən səmərəsiz istifadə üzərində qurulub.  “Səssizlik” filminin əsas obrazı problemlər məngənəsində boğularaq intihar etmək fikrinə düşür. Onu isə bu fikirdən vaxtilə oxuduğu kitabların qəhrəmanları çıxarır.