XƏBƏRLƏR

ADU-nun prorektoru və dekanı məktəblilərlə görüşüblər

29 aprel, 2019

Aprelin 26-da ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov 211 saylı tam orta məktəb rəhbərliyinin dəvəti ilə həmin məktəbdə olub, məktəbdə  fəaliyyət göstərən Kiçik Akademiyanın humanitar blokunun fəalları - 7c sinfinin şagirdləri ilə görüşüblər.

Şagirdlər üçün ingilis dili bacarıqlarının inkişaf etdirilməsi yolları mövzusunda seminar təşkil edən Ə.Abdullayev ingilis dilinin müxtəlif aspektləri ilə bağlı  onlara bir sıra nüansları izah edib, öz tövsiyələrini verib. Daha sonra Ə.Abdullayev şagirdlərin ona ünvanladıqları müxtəlif maraqlı sualları cavablandırıb, şagirdin ifasında musiqi parçasını dinləyib, digər şagirdlərin müxtəlif bilik və idman yarışlarında, olimpiadalarda qazandıqları nailiyyətlər ilə yaxından tanış olub.

Çox səmimi keçən görüşdən sonra qonaqlar şagirdlərlə xatirə şəkilləri çəkdirib, onlara məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib, bu cür tədbirlərin universitet – məktəb əlaqələrinin möhkəmləndirilməsində, şagirdlərdə ali təhsil almaq motivasiyasının gücləndirilməsində, gələcək seçimlərində düzgün istiqamətləndirmədə böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirin ərsəyə gəlməsində 7c sinfinə təhkim olunmuş təcrübəçi tələbələr     - Məmmədli Şəlalə və Ələsova Aysel xüsusi fəallıq göstəriblər.

Tədbirdə ADU-nun Filologiya və Jurnalistika fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İ.İsgəndərova, Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti, pedaqoq J.Mustafayeva, məktəbin direktoru H.Mahmudova, fənn müəllimələri L. Əliyeva, G.  Tağıyeva və digər təcrübəçi tələbələr də iştirak ediblər.