XƏBƏRLƏR

“Zərərli vərdişlərə yox deyək!” maarifləndirici tədbiri keçirilib

22 aprel, 2019

ADU-nun Təhsil fakültəsinin ingilis dili müəllimliyi ixtisası üzrə Yasamal rayonu 53 N-li məktəbdə pedaqoji təcrübə keçən 401 a, 401b, 402 a, 402 b, 403 a, 403 b, 408 a qruplarının tələbələri şagirdlərin bilik, bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı onlarda müsbət mənəvi keyfiyyətlərin formalaşması istiqamətində aparılan  tərbiyə işlərinə də ciddi diqqət göstərirlər. Tələbələrin fikrinə görə, şagird şəxsiyyətinin formalaşmasında müəllimin təkcə pedaqoji qabiliyyəti, zəngin biliyi kifаyət deyil, o, bütövlükdə bir valideyn, böyük dost, təcrübəli yoldaş kimi hərəkət etməli, hər bir şagirdinə  mehribаn rəftar və qayğı göstərməli, şagirdlər arasında pozitiv və dəstəkləyici münasibətləri təmin etməlidir. Bu kimi vəzifələri yerinə yetirmədən şagird şəxsiyyətinin inkişafına və tərbiyəsinə təsir etmək olmaz. Bu məqsədlə təcrübə müddətində tələbələr təhkim olunduqları siniflərdə tarixi və əlamətdar günlərin, anım tədbirlərinin hazırlanması və təşkil olunması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirirlər. Tələbələr qeyd edirlər ki, şagirdlərin bu səpkidə olan  tədbirlərdə şüurlu  və fəal iştirakının təmin edilməsi onlarda təşəbbüskarlıq, məsuliyyətlilik, fəal vətəndaş mövqeyi nümayiş etdirmə, vətənpərvərlik kimi vacib olan keyfiyyətləri daha da inkişaf etdirir.

“Zərərli vərdişlərə  yox deyək!” adı altında  Pedaqogika kafedrasının baş müəllimi T.Bağırovanın  təşkil etdiyi maarifləndirici tədbir də bu qəbildəndir. Tədbirin keçirilməsində məqsəd cəmiyyətin təqdir edərək  qəbul etdiyi norma,  hərəkət və davranış sisteminə uyğunlaşmanın vacibliyi, mədəniyyət, əxlaq, hüquq normalarının pozulmasının xoşagəlməz nəticələri və  ən əsası, siqaret, alkoqol və s. kimi toksik maddələrin insan orqanizminə və həyatına zərərli təsirləri barədə şagirdlərdə təsəvvür və anlayış formalaşdırmaq idi. Tədbir zamanı tələbələr zərərli vərdişlərə düçar olmama və onlardan qorunmanın  yolları, sağlam həyat tərzi keçirmənin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verərək, həmçinin asudə vaxtın səmərəli təşkili ilə bağlı faydalı məsləhətləri onların diqqətinə çatdırıb. Aktiv müzakirələr zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.