XƏBƏRLƏR

ADU-nun magistrantı Litvada beynəlxalq layihədə iştirak edib

19 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) 206 A qrup magistrantı Fatimə Vəliyeva Litvanın Sosial İnnovasiya Fondu və Azərbaycanın “Gələcəyə Körpü” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən  Erasmus+  öyrənmə mobilliyi çərçivəsində təşkil olunan beynəlxalq layihədə iştirak edib.

Litvanın Kaunas şəhərində “Gələcəyə Körpü” Gənclər Birliyinin Avropa  Komissiyasının Erasmus+ (Key Action 2 – Əsas Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində  təhsil və icma inkişafı  üzrə gənc resurs mərkəzi” adlı layihəsinin 2-ci fəaliyyəti həyata keçirilib.

Layihənin məqsədi gənclərin sahibkarlıq və liderlik fəaliyyətlərini araşdırmaq, onların potensial bacarıqlarını daha da inkişaf etdirmək, təşkilatların bu istiqamətdə uğurlu təşəbbüslərini öyrənmək olub.

Layihə çərçivəsində Litvanın Kaunas və Vilnüs şəhərlərində Azad İqtisadi Zonaya, İnnovasiya və startup mərkəzlərinə, FESTO (robotlar) irimiqyaslı şirkətə, Kaunas Elm və Texnologiya parkına və digər mərkəzlərə səfərlər təşkil olunub.

Layihə müddətində 13 nəfərlik Azərbaycandan olan gənclər heyəti Kaunas şəhərində fəaliyyət göstərən sosial innovasiya mərkəzləri, biznes inkubatorları, biznes və gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar ilə görüşlər həyata keçirib, o cümlədən biznes, innovasiya sahələrində yeni bacarıq və biliklər əldə ediblər.