XƏBƏRLƏR

“Que sais-je?” intellektual yarışı təşkil olunub

18 aprel, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının birgə təşkilatçılığı ilə “Mən nə bilirəm?” (“Que sais-je?”) intellektual müsabiqəsi keçirilib. Müsabiqədə ADU-nun Təhsil fakültəsi (“Les Mariannes” və “İnoubliables” komandaları), Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsi (“Le Succès” və “Métropole” komandaları), Filologiya və Jurnalistika fakültəsi (“Déjà-vu” komandası) və Tərcümə fakültəsinin  (“La jeunesse” komandası) fransız dilli tələbələri iştirak ediblər.

Müsabiqəni giriş sözü ilə açan Fransız dilinin leksikologiyası kafedrasının müdiri filologiya üzrə elmlər doktoru, professor Gülnarə Sadıxova tələbələri salamlayaraq intelektual yarışmaların onlar üçün əhəmiyyətindən, ümumi dünya görüşlərinin genişlənməsində mühüm rolu olmasından danışıb.

Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov və ADU-nun 2 saylı tədris binasının rektor məsləhətçisi Anar Osmanlı çıxış edərək universitetimizdə fransız dilinin inkişafında Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin rolundan və uğurlarından bəhs ediblər və müsabiqədə tələbələrə uğurlar arzulayıblar. Professor Fikrət Cahangirov tələbələrin Fransanın müxtəlif şəhərlərində pedaqoji təcrübə keçməsində mərkəzin müstəsna rolu olduğunu vurğulayıb.

İntellektual müsabiqədə Fransa mədəniyyətinə, tarixinə, sivilizasiyasına və fransız dilinə dair müxtəlif suallar səsləndirilib və tələbələr tərəfindən cavablandırılıb.

Üç mərhələdən ibarət olan müsabiqənin nəticəsində fransız dilli müəllimlərdən ibarət münsiflər heyətinin qərarı ilə Təhsil fakültəsinin “Les Mariannes” komandası 1-ci yeri tutub və komandanın üzvləri sertifikatlarla təltif olunub, eyni zamanda komandanın hər bir üzvünə Frankofoniya Universitet Agentliyinin maliyyə dəstəyi ilə Bakı Kitab mərkəzinə 20 AZN-lik kupon təqdim olunub.

Qeyd edək ki, müsabiqədə Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin “Métropole”  və Tərcümə fakültəsinin “La jeunesse” komandaları 2-ci, Filologiya və Jurnalistika fakültəsinin “Déjà-vu” komandası isə 3-cü yerə layiq görülüb.