XƏBƏRLƏR

“Welcome to Azerbaijan” zəngin məlumat mənbəyidir

18 aprel, 2019

Zəngin mədəni irsi bir kitabda əks etdirmək çətindir. Əsrlərdən bəri fərqli millətlərin, mədəniyyətlərin məskəni olmuş Azərbaycan tarixi İpək Yolu üzərində, Avropa və Asiyanın qovşağında yerləşən, gözəl təbiətə, iqlimə və təbii sərvətlərə malik bir ölkə kimi  tanınıb. Xüsusilə də Qərb və Şərq mədəniyyətlərini birləşdirən mədəni irsə malik olan Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsində inkişaf etdirərək, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün millətlərə dinindən, irqindən asılı olmayaraq azadlıq və vətəndaşlıq hüquqları verir. Dünya ölkələri arasında multikultural dövlət  kimi tanınan Azərbaycan artıq digər ölkə xalqlarının da maraq obyektinə çevrilib. Bir çox dünya ölkələri Azərbaycanın tarixi və zəngin mədəniyyəti ilə tanış olmaq ehtiyacı duymağa başlayıb. Bu məqsədlə yalnız ölkəmizdəki əcnəbiləri deyil, həmçinin xarici ölkə vətəndaşlarını da Azərbaycan haqqında məlumatla təmin edən xeyli sayda kitablar nəşr olunub.

Azərbaycan Dillər Universitetinin professoru Məsməxanım Qazıyeva və dosenti  Sevinc Zeynalova tərəfindən hazırlanan “Welcome to Azerbaijan” kitabı bu kitablar sırasında yer almaqla ölkəmiz haqqında müfəssəl məlumat verir. Azərbaycanın tarixini, coğrafiyasını, zəngin mədəniyyətini ingilis dilində digər xalqlara təqdim edən bu kitabın nəşrinin təhsil və tədrislə bağlı məqamından bəhs edərkən qeyd etmək lazımdır ki, universitetdə “Ölkəşünaslıq” kursu çərçivəsində xarici dillərin mədəniyyətlə bağlı tədrisi zamanı tələbələrimiz həmin ölkələrin tarixi, coğrafiyası ilə də tanış olur. Kitabın nəşri eyni zamanda Azərbaycana, onun dilinə və mədəniyyətinə maraq göstərən əcnəbilər üçün bir vasitə olmaqla yanaşı, ölkəmizin coğrafiyasının, tarixinin, adət və ənənələrinin, din və milli mədəniyyətinin dünyaya çatdırılması istiqamətində mühüm bir səydir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ön sözü ilə başlayan kitab 10 hissədən ibarətdir. Coğrafiya, tarix, siyasi quruluş, iqtisadiyyat, din, mədəniyyət və incəsənət, adət-ənənələr, həyat tərzi, idman və asudə vaxt bölmələri kitabın Azərbaycan haqqında hərtərəfli zəngin məlumat mənbəyi kimi dəyərləndirilməsinə imkan verir. Dünyanın ən böyük gölünün, Qafqaz sıra dağlarının, 9 iqlim qurşağının mövcud olduğu şəraitdə yerləşən Azərbaycanın coğrafiyası haqqında məlumatla başlanan kitab daha sonra Odlar ölkəsinin XX əsrin son 10 illiyindəki tarixi həqiqətlərini əks etdirir.

Müstəqillik əldə etdikdən sonra yürüdülən stabil siyasət ölkəmizin dövlət quruluşu və iqtisadiyyatına müsbət təsir göstərmiş, neft və qaz sektorundakı nailiyyətlər ticarətin, turizmin, kənd təsərrüfatının da inkişafına təkan verib. Bütün bu dəyişikliklər kitabın iqtisadiyyat bölməsində ətraflı əks olunub. Kitabda xalqımızın zəngin İslam mədəniyyəti  və dini tolerantlığı, nəsildən nəsilə ötürülən əsrarəngiz mədəni irsi,dolğun və rəngarəng incəsənəti, həyat tərzi, idman və asudə vaxtı dəyərləndirməsi istiqamətində zəngin informasiya təqdim olunub.