XƏBƏRLƏR

Pedaqogika kafedrası orta məktəblərdə silsilə tədbirlər keçirir

16 aprel, 2019

ADU-nun Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrası ADU tələbələrinin təcrübə keçdiyi orta məktəblərdə “Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 15-də Nəsimi rayonunun 211 saylı tam orta məktəbində baş tutub. Təcrübəçi tələbələr – Məmmədli Şəlalə və Ələsova Aysel iki hissədən ibarət təlimdə 7c sinif şagirdlərinə siqaret çəkməyin, alkoqollu içkilərə və narkotik vasitələrə aludəçiliyin zərərləri haqqında geniş məlumat verib, adıçəkilən problemlərin həm tibbi, həm də sosial tərəflərinə toxunublar.

Qrup işindən və diskussiyadan istifadə olunan təlimdə şagirdlər hər bir zərərli vərdiş haqqında bildikləri məlumatları bölüşüb, slaydlarda təqdim olunan şəkil və fikirlərə öz münasibətlərini ifadə ediblər. Həmçinin təlimin ikinci hissəsində məktəbyaşlı uşaqlar üçün xüsusilə aktual olan digər zərərli vərdişlər – kompüter oyunlarına, mobil rabitə vasitələrindən istifadəyə aludəçilik, düzgün qidalanmama, energetik içkilərdən istifadə, dırnaqyemə halları  işıqlandırılıb.

Təlimdə ADU-nun Pedaqogika kafedrasının dosenti, pedaqoq Jalə Mustafayeva, 211 saylı tam orta məktəbin direktoru Həcər Mahmudova, “Məktəbli dostu” iştirak edib.