XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri Heydər Əliyev Mərkəzində olublar

15 aprel, 2019

Tələbələrdə geniş dünyagörüşünün, estetik zövqün formalaşdırılmasında, o cümlədən vətənpərvərlik və milli qürur hislərinin tərbiyəsində auditoriyadankənar fəaliyyətin və tədbirlərin rolu çox böyükdür. Məhz göstərilən məqsədlərə xidmət çərçivəsində ADU-nun Filologiya və Jurnalistika fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İlhamə İsgəndərova və Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti, pedaqoq Jalə Mustafayevanın rəhbərliyi altında təcrübəçi tələbələrin Heydər Əliyev Mərkəzinə ekskursiyası gerçəkləşdirilib.

Öncə tələbələr bələdçidən dünya memarlıq əsərləri arasında öz layiqli yerini tutan, unikal dizayna malik Heydər Əliyev Mərkəzinin inşa tarixi, memarı, daha sonra isə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və ictimai fəaliyyəti barədə geniş məlumat alıb, mərkəzdə tətbiq olunan müxtəlif texnoloji yeniliklərlə yaxından tanış olublar.

Rus avanqard klassikləri  K.Maleviç, V.Kandinski, M.Şaqal və digərlərinin rəsm əsərlərindən ibarət kolleksiya, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin tanınmış kuklaçı rəssamlarının əl işlərindən ibarət “Kukla incəsənətdə” sərgisi, həmçinin öz yaradıcılığında insanın düşdüyü müxtəlif mühit və vəziyyətlərdə onun daxili aləmini açmağa çalışan, onları katarsisə istiqamətləndirən və bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal problemlərə böyük diqqət yetirən məşhur fransız heykəltəraşı M.Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi tələbələrdə böyük marağa səbəb olub.

Milli musiqi alətləri, Azərbaycanın bölgələri üzrə milli geyim və sənətkarlıq nümunələrindən ibarət “Azərbaycan inciləri” sərgisi ilə tanışlıq tələbələrə bir daha vətənimizin tarixi keçmişi, milli – mənəvi sərvətləri ilə bağlı qürur hissi yaşatmış, onların mərkəzdən böyük təəssüratlarla ayrılmasına səbəb olub.

Qeyd edək ki, təcrübəçi tələbələr – Ələsova Aysel, Məmmədli Şəlalə, Mustafazadə Əsmər, Nəsirli Sumayə və Vəliyeva Sevinc Nəsimi rayonu 211 saylı tam orta məktəbində təcrübələrini uğurla davam etdirirlər.