ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib
Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını deyib. Rektor Hüseyn Cavid adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib: “Bu ad zaman-zaman bizə bir az da yaxınlaşır. Bu yaxınlığın ən bariz nümunəsi ondan ibarətdir ki, ölkə prezidenti, hörmətli İlham Əliyev Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görüb. Hər şey Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasından başlayıb. Bildiyiniz kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü və fədakarlığı nəticəsində Sibirə göndərilmiş, Sovet rejiminin qurbanı olan şairin nəşi vətəninə qaytarılmış, vətənində torpağa əmanət edilmişdir. Bu, milli-mənəvi münasibətin ən yüksək forması idi. Bu hadisəni bütün Azərbaycan xalqı, bütün ədəbiyyatsevər qüvvələr böyük əzmlə, minnətdarlıq hissi ilə qarşıladılar. Hüseyn Cavid nakam tale yaşayan şair kimi bütün dünya şairlərinin, ədəbiyyat insanlarının taleyini bölüşüb. Bütün şairlərin başına təxminən eyni kədər, faciəvi hallar gəlib. Hüseyn Cavid sevgi, məhəbbət şairi idi. O, Azərbaycanın ədəbiyyatının gözəllik və tanrı elçisi idi. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı olmaqla, Füzulidən gələn xəttin davamçısı oldu. Hüseyn Cavid bu gün də bizimlədir. Bu gün Hüseyn Cavid dedikdə, onun yalnız nakam həyatı deyil, zirvələrdən enməyən şair ruhunu da yad edirik. İnanıram ki, bu konfrans mütəxəssislər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.
Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani Azərbaycan Dillər Universitetində akademik və diplomatik kolleqalarının yenidən əhatəsində olmaqdan şad olduğunu bildirib. O, Hüseyn Cavid yaradıcılığının maraqlı müzakirə mövzusu olduğunu deyib. Səfir mövzunun İndoneziya, həmçinin qlobal mühit ilə tarix, ədəbiyyat, mədəniyyət, siyasət və mənəvi dəyərlər baxımından yaxınlığından danışıb. Azərbaycanın görkəmli nümayəndəsini xatırlamağın gələcəyin qurulması nöqteyi-nəzərdən vacib olduğunu deyən səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatının zənginliyi və dərinliyinə nəzər salaraq İndoneziya, digər ölkələrin dəyərləri və ideyaları ilə müqayisə etmək onun maraq dairəsindədir. H.Fənani konfransın yekununda Hüseyn Cavid mirasının indiki və gələcək nəsilə böyük təsir edəcəyinə inamını ifadə edib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik” mövzusunda çıxış edərək Hüseyn Cavidin demonizm fəlsəfəsinə qayıtmasından söz açıb. O, Azərbaycançılıq məfkurəsi, istər türk idealı, istərsə də islami dəyərlər məsələsinin Caviddə ümumi bəşəri dəyərlər mahiyyətində ifadə olunduğunu bildirib. M.İmanov Cavidin Azərbaycandan danışarkən dünyadan, turandan, dünyadan danışarkən isə Azərbaycandan danışdığını qeyd edib. M.İmanov bildirib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması və ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir. O, bu baxımdan “İblis” faciəsini təhlil edərək dramaturqun ən sərt həqiqətləri insanlara təlqin etməkdən çəkinmədiyini diqqətə çatdırıb.
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva konfransın Hüseyn Cavid yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib. O bildirib ki, bu mövzuda konfransın məhz Dillər Universitetində keçirilməsi akademik Kamal Abdullanın Cavidə olan böyük sevgisi, məhəbbətindən irəli gəlir. S.Vəliyeva tədbirdə yüksək səviyyəli yerli və xarici qonaqların iştirakı və dərin məzmunlu çıxışlarının Cavidin yalnız Azərbaycanın, türk dünyasının, eləcə də Şərqin deyil, həm də bütövlükdə dünyanın karifey sənətkarı, mütəfəkkir şairi olduğunu sübut etdiyini deyib. O, “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir” mövzusunda çıxış edib. Hüseyn Cavidin istedadı ilahi tərəfindən möhürlənmiş, yüksək təhsil almış şəxsiyyət olduğunu deyən S.Vəliyeva onun dünya ədəbiyyatı fonunda hər zaman öz portretini oxucularına göstərdiyini qeyd edib. O diqqətə çatdırıb ki, Cavid nə qədər bəşəridirsə, bir o qədər millidir. Hüseyn Cavidin qalib olduğunu deyən S.Vəliyeva onu yetişdirən xalqın da həmişə qalib olmasını arzulayıb.
Fransanın Nim Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyn Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Serbiyanın Belqrad Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında məruzə ilə çıxış ediblər.
Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristopher Martinez Berroteran dahi intellektual sənətkar Hüseyn Cavidə həsr olunmuş xüsusi mərasimdə iştirak etməkdən şərəf və məmnuniyyət hissi duyduğunu bildirib. Səfir Hüseyn Cavidin Azərbaycanda ədəbi adət-ənənələri inkişaf etdirən azərbaycanlı kimi XIX əsrin sonlarında və XX əsrin əvvələrində tarixdə iz qoymuş vətənin nümunəvi və layiqli nümayəndəsi olduğunu söyləyib. O, bu tarixin həmişə yaşayacağını və tarixə çevriləcəyini qeyd edib. Venesuela şair və yazıçılarının adlarını çəkən K.M.Berroteran H.Cavid yaradıcılığını tanıyan və onun əsərlərindən ilham alan sənətkarların incəsənət və ədəbiyyat tarixinin bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
Norveç Krallığından Skandinaviyaşünas müəllim Raqnil Tori konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirib. Qonaq konfransın Azərbaycanın görkəmli şəxsiyyətinə həsr olunmasının təqdirəlayiq hal olduğunu deyib. O, 2008-2009-cu illərdə ADU-da norveç dili müəllimi kimi fəaliyyət göstərdiyini deyib. 2009-cu ilin may ayında çapdan çıxan Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı aforizmlərdən ibarət kitab layihəsinin rəhbəri olduğunu deyən R.Tori kitab haqqında məlumat verib. O, ADU-nun Skandinaviya mərkəzinin müdiri Vüsalə Əfəndiyeva və mütəxəssisi Aytən Məmmədova tərəfindən tərcümə olunan yeganə Azərbaycan romanı - azərbaycanlı yazıçı Yusif Səmədoğlunun “Qətl günü” romanının redaktorluğunu etdiyini qeyd edib.
ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova konfransın ünvanına daxil olan təbrik məktublarını və bölmə iclasları haqqında məlumatı qonaqların diqqətinə çatdırıb.
Konfransda, həmçinin Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo və digər yerli və xarici qonaqlar iştirak ediblər.
Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılıb. Konfrans öz işini böyük uğurla başa çatdırıb.