XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib

11 aprel, 2019

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirlər planı ilə iştirakçıları tanış edib. O, Heydər Əliyevin hakimiyyəti illərində onun rəhbərliyi altında Azərbaycan dövləti və xalqının milli mənafeyi, dövlətçiliyi ilə bağlı böyük işlərin həyata keçirildiyini deyib: “Heydər Əliyev Azərbaycan mədəniyyətinə də çox böyük töhfələr verib. Heydər Əliyevin mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəniyyət ocaqlarının yaradılması, Azərbaycan ədəbiyyatında müstəsna rolu olan ədiblərə abidələrin ucaldılması və bu qəbildən olan məsələlərdə böyük xidmətləri olub”.

Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü işlərin əks olunduğu videoçarx nümayiş olunub.

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva “Heydər Əliyev və Azərbaycanın mədəniyyət siyasəti”, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdıyeva “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısı”, Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev “Azərbaycan mədəniyyət abidələri, arxeologiya və etnoqrafiya” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.