XƏBƏRLƏR

“Milli dövr Türkiyə ədəbiyyatı və ədəbi dil məsələləri” mövzusunda birgə mühazirə keçirilib

09 aprel, 2019

Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, f.f.d. Nurlanə Mustafayevanın və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi f.f.d. Elçin İbrahimovun təşkilatçılığı ilə “Milli dövr Türkiyə ədəbiyyatı və ədəbi dil məsələləri” mövzusunda birgə mühazirə keçirilib.

Əvvəlcə Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva keçirilən dərsin mahiyyəti haqqında ümumi məlumat verərək bildirib ki, birgə mühazirələr Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayevin ideyası əsasında təşkil edilir.

N.Mustafayeva bildirib ki, “XIX yüzilliyin birinci yarısında Türkiyədə ictimai-siyasi həyatında vəziyyət olduqca qarışıq idi. Avropanın Osmanlıya təhdid və təzyiqləri davam etməkdəydi. Osmanlının tərkibində yaşayan müxtəlif millətlər bu ölkənin tərkibindən çıxıb öz dövlətlərini qurmaq istəyirdilər. Məhz bu parçalanmanın qarşısını almaq üçün Osmanlı Mustafa Rəşid Paşanın başçılığı ilə 1839-cu ildə islahatlar aparmaq məqsədilə Tənzimat fərmanını imzalamalı oldu. 1856-cı ildə ikinci Tənzimat fərmanı imzalandı. Bu fərmanlar ölkədə canlanmaya səbəb olsa da ölkədəki gərginliyi azaltmadı. Eyni zamanda müxtəlif millətlərin müqəddaratı uğrunda mübarizələri gizli də olsa davam edirdi. Belə ki, XX əsrin I rübündə Sultan Əbdülhəmidin 32 illik fəaliyyəti sonlandı. 1912-1913-cü illərdə Balkan, 1914-1918-ci illərdə I Dünya müharibəsində Osmanlı imperiyası demək olar ki, süquta uğradı. 1918-ci ildə Osmanlı Antanta dövlətləri ilə Mudros sazişi imzaladı. 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşa Samsuna gəlir və milli mücadilə məhz buradan başlayır. 1923-cü ildə indiki Türkiyə Cümhuriyyətinin sərhədlərini müəyyənləşdirən Lozanna sülh müqaviləsi imzalanır. 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olundu. 1934-cü ildə TBMM-in yüksək fərmanıyla Mustafa Kamal Paşaya “Atatürk” soyadı verilir. Mustafa Kamal Atatürkün “Ya hürriyət, ya ölüm” şüarı  qələbənin qazanılmasında müstəsna rol oynayır. “Kuvayı Milliyyə” xalq ordusunun yaranması qurtuluş ədəbiyyatı epopeyasının yaranmasına da çox böyük təsir edir. Sərvət-i fünunçular, Fəcr-i atiçilər, Gənc qələmlər birliyinin üzvləri və Cümhuriyyətçilər Milli dövr Türkiyə ədəbiyyatının ən gözəl nümunələrini yaradırlar. Milli dövr ədəbiyyatı əsasən 3 mərhələyə ayrılır: 1.1920-1950-ci illər; 2. 1950-1980-ci illər; 3. 1980-ci illərdən başlayaraq günümüzə qədər davam edən ədəbiyyat.

Milli dövr yazıçıları türk xalqının apardığı mübarizənin ədalətli olduğunu, orduda milli ruhu yüksəltmək üçün tarixin dərinliklərinə baş vurur, daha çox türkün şanlı tarixini xatırladırdılar. Əsərlərdə müxtəlif mövzularla yanaşı qadınlar feodal-patriarxal qanunlara boyun əyməyən Cümhuriyyət qadınları kimi təsvir olunurdu. Milli ruhlu ziyalıların obrazları əsərlərdə xüsusi rəğbətlə yaradılırdı. Zənginlər və ruhanilər Cümhuriyyət əleyhdarları kimi təsvir olunurdular. Əsərlərdə əsasən Atatürk ideyaları hakim idi. Xalidə Ədib, Yaqub Qədri, Aka Gündüz, Peyami Safa və digər yazarlar əsərlərində demək olar ki, bir növ Atatürkün təbliğatını aparırdılar. Məsələn, Xalidə Ədib Adıvar cəbhədə tibb bacısı olmuş, “millətlər dostumuz, hökumətlər düşmənimizdir!” şüarı ilə çıxışlar edirdi. Xalidə Ədibin “Atəşdən gömlək”, Tarık Buğranın “Küçük Ağa”, Yaqub Qədrinin “Yaban”, “Ankara”, Rəşad Nuri Güntəkinin “Yaşıl Gecə” əsərlərində dövrün tam mənası ilə təsviri verilir. Əsərlərdə cərəyan edən hadisələr əsasən Ankara, İzmir, Sakarya, İstanbul, Samsunda cərəyan edir. Məhmət Akif Ərsoyun “İstiqlal marşı”nda türk millətinin nə üçün vuruşduğu açıq şəkildə əksini tapır.”

N.Mustafayeva Cümhuriyyətin qurulmasında Çanaqqala savaşının önəmini, Azərbaycandan da könüllülərin bu savaşda şəhid olduqlarını xüsusilə vurğulamışdır.

Daha sonra Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxış edib. O, bildirib ki, Məşrutiyyətdən (1908) sonra Türkiyədə başlayan və o dövrdə “türkçülük” adı verilən milli hərəkatı “ədəbiyyatda milli qaynaqlar dövrü” düşüncəsinin ortaya çıxmasında səbəb olmuşdur. Dildə sadələşmə hərəkatı 1911-ci il aprel ayında Səlanikdə Ömər Seyfəddin, Əli Canib və Ziya Göyalp tərəfindən nəşr edilən “Gənc qələmlər” jurnalında “yeni dil” adıyla irəli sürülmüşdür. Bu hərəkatın iştirakçıları “milli ədəbiyyatın, milli dildən yarancağını” söyləyirdilər. E.İbrahimov “Milli ədəbiyyat dövrü dil və üslub” məsələlərindən danışaraq, “Yeni lisan” tərəfdarlarının dildə başlatdıqları hərəkatın əsas xüsusiyyətlərinin “ərəb və fars dillərində alınmaların mümkün olduqca az istifadə edilməsini, ərəb və fars dillərindən keçən sözlərin türkcə qarşılıqlarından istifadə, ərəbcə və farsca sözlərin türkcə tələffüzlərinə görə yazılması, digər türk dillərindən sözlərin qəbul edilməməsi, ünsiyyət İstanbul ləhcəsinin əsas götürülməsi və s. olduğunu qeyd etmişdi.

Birgə mühazirənin sonunda tələblərin sualları cavablandırılıb.