XƏBƏRLƏR

ADU-nun tələbələri “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalında ilk yerlərə layiq görülüblər

08 aprel, 2019

Azərbaycan Dillər Universitetinin istedadlı tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsində iştirak ediblər. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının keçirilən festivalda ADU tələbələri I, II, III yerlərə layiq görülüblər.

Muğam nominasiyası üzrə I yeri Təhsil fakültəsinin 204-cü qrup tələbəsi Murad Əliyev, Pop musiqisi üzrə II yeri Təhsil fakültəsinin ESSEX qrupunun tələbəsi Ramilə Musazadə, müasir rəqs üzrə III yeri isə Dalğa rəqs ansamblı (Təhsil fakültəsinin 306b qrup tələbəsi Gülcan Quliyeva, Regionşünaslıq və idarəetmə fakültəsinin 164a qrup tələbəsi Nigar Nəzərova, Filologiya və jurnalistika fakültəsinin 437-ci qrup tələbəsi Aynur İmranlı) tutub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayır.

Festivalda ADU tələbələrinin musiqi üzrə bədii rəhbəri Salman Quliyev, rəqs üzrə bədii rəhbəri isə Sevda Hüseynova olub.