XƏBƏRLƏR

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

05 aprel, 2019

Nəsimi rayonu 211 saylı tam orta məktəbin şagirdləri ADU-nun Filologiya və Jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İlhamə İsgəndərovanın rəhbərliyi ilə Azərbaycan Dillər Universitetində ekskursiyada olublar. Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılovun müşayiəti ilə universitetin tanıtımı çərçivəsində şagirdlər rektorun iş otağı ilə tanış olub, onlarla bir sıra səlahiyyətli şəxslər – Tədris məsələləri üzrə prorektor Əfqan Abdullayev, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova, həmçinin müxtəlif kafedraların rəhbərləri səmimi söhbət edib, şagirdləri maraqlandıran sualları cavablandırıb, xatirə fotoşəkilləri çəkdiriblər.

Şagirdlər ADU-da mövcud olan Konfutsi İnstitutunun, Çin, Yapon, İndoneziya mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub, Amerika Təhsil Mərkəzində (American Studies Center) mövcud olan və şagirdlərin də yararlana biləcəyi proqramlar, maraqlı layihələr barədə geniş məlumatlandırılıblar.

ADU-nun Xəlifə rektoru və Xəlifə Tələbə Həmkarlar sədri ilə görüşən şagirdlər üçün adıçəkilən ekskursiya böyük motivasiya və xoş təəssüratlar mənbəyi olub. Onlardan bir çoxu gələcəkdə ADU-da təhsil almaq arzusunda olduqlarını dilə gətiriblər. Qeyd edək ki, təcrübəçi tələbələr – Məmmədli Şəlalə və Ələsova Aysel Nəsimi rayonu 211 saylı tam orta məktəbində təcrübə keçirlər.