Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası (ETL) və Tərcümə fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, bu böyük söz sahibinin zəngin ədəbi irsindən danışıb, Nəsiminin dillər əzbəri olan “Sığmazam” qəzəlini təhlil edib.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayev və Azərbaycan Dillər Universiteti Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov Nəsimi yaradıcılığı haqqında fikirlərini söyləyiblər.







