XƏBƏRLƏR

ADU-da “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib

05 aprel, 2019

Aprelin 5-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib.

Fakültənin dekanı dosent İbrahim Kazımbəyli tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. O, aprel zəfərinin uzun illərdən sonra xalqın birliyinin, Ali Baş Komandanın əmrinə əsasən döyüşə daim hazır olduqlarının sübutu olduğunu bildirib. İ.Kazımbəyli aprel döyüşləri nəticəsində dünyanın Azərbaycan ordusunun qüdrətini gördüyünü diqqətə çatdırıb.

Aprel qazisi leytenant Müzəffər Bahadırov, 45 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev və əmisi qızı Xədicə Mirzəyeva, şəhid Mirsalam Cəfərovun əmisi oğlu Turqut Əzizov Azərbaycan ordusunun qüdrətindən, azərbaycanlı gənclərin şüacətindən söz açıblar. Azərbaycan Prezidentinin daim şəhid ailələrinin, döyüş iştirakçılarının yanında olduğu bildirərək vətən torpaqlarının işğaldan azad olunacağı günün yaxın olduğu söylənilib.

Fakültənin 241-ci qrup tələbəsi Nəzrin Cəfərova “İşğal olunmuş tarixi ərazilərimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Aprel döyüşləri zamanı geri qaytarılması”, 154b qrup tələbəsi Əhməd Alıyev “Aprel döyüşlərində iştirak edən igid oğullarımız, verdiyimiz hərbi və mülki itkilər”, 171b qrup tələbəsi Billurə Həsənova “Aprel döyüşlərində beynəlxalq ictimaiyyətin mövqeyi”, 345b qrup tələbəsi Həcər Təhməzova “Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri qazanılan ərazilərdə təmir-bərpa işləri” mövzularında danışıblar.

Daha sonra tələbələrin iştirakı ilə “Şəhidlər ölməz” adlı səhnəcik göstərilib.