XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla DTX-nın yubiley medalı ilə təltif olunub

05 aprel, 2019

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub.

Təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.

ADU-nun rektoru xidmətin uğurlu fəaliyyətindən danışıb. O, bildirib ki, dövlətçiliyimizin, milli maraqlarımızın qorunması istiqamətində xidmət əməkdaşlarının fədakar əməyi hər zaman yüksək qiymətləndirilib:

“Məni belə bir şərəfli ada layiq gördüyünüzə görə təşəkkür edirəm. Bilirəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətçiliyimizin keşiyində çox böyük mətanətlə durublar. Azərbaycan Dillər Universitetinin əməkdaşları da tələbə, vətəndaş yetişdirməklə, cəmiyyətlə yüksək səviyyədə ünsiyyət qurmaqla dövlətçiyimizə xidmət edirlər. Bu medal təkcə mənə yox, bütün kollektivimizə verilən təltifdir. Dövlət Təhlükəslizlik Xidmətinin 100 illiyi münasibəti ilə təbrik məktubumuzu, xoş arzularımızı xidmətin rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlamışıq. Bu əlamətdar yubiley münasibəti ilə xidmətin bütün kollektivini bir daha təbrik edirəm”.