XƏBƏRLƏR

Rumıniya səfiri ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

05 aprel, 2019

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya Rumıniya ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığın 10 illiyinə həsr olunan tədbirə ADU-nun ev sahibliyi etdiyi üçün təşəkkür məktubu ünvanlayıb.

Məktubda ikitərəfli əlaqələrin bu vacib dönəmində tədbirin həm Rumıniya, həm də Azərbaycanda bu il gerçəkləşəcək ildönüm təntənələri sırasında birinci olmasından məmnunluq bildirilir.

ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin rəsmi açılışının təşkilində göstərdiyi köməyə görə Kamal Abdullaya minnətdarlığını ifadə edən səfir ortaq dəstək vasitəsilə mərkəzin 2 ölkənin xalqları, mədəniyyətləri arasında daha yaxşı anlaşmaya töhfə verəcəyini qeyd edib.

Məktubda eyni zamanda tədbirin hazırlanmasında ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayevanın göstərdiyi bacarıqlı yardım və verdiyi dəstək yüksək qiymətləndirilib.