XƏBƏRLƏR

ADU Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı Aprel döyüşlərinə həsr olunan tədbir keçirib

05 aprel, 2019

Azərbaycan Dillər Universitetində tariximizə böyük qələbənin başlanğıcı kimi yazılmış Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri də ADU Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının təşəbbüsü ilə keçirilib.

YAP ilk ərazi təşkilatının sədri, rektorun müşaviri Sərraf Hüseynov qonaqları universitetdə salamlayıb, onlara tələbələrlə görüşə gəldiklərinə görə təşəkkür edib.

4 aprel tarixində keçirilən tədbirin təşkilatçısı ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin YAP Gənclər Birliyinin sədri Güllü Səfərova tədbirdə qonaq olan  Aprel döyüşlərinin qaziləri Əliyev Teymur, Nəcəfov Üzeyir, Abbaszadə Ruslan, Muradov Vüsalı və bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mahir Quliyevin atası Qadir Quliyevi iştirakçılara təqdim edib.

Onların hər biri çıxışlar edərək Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşüb və Azərbaycan gəncliyini vətənpərvər və mübariz olmağa səsləyiblər. Öz döyüş yoldaşlarının əzmkarlığından, şücaətindən danışan qazilər Aprel qələbəsindən daha böyük qələbələrlə xalqımızı sevindirəcəklərini bildiriblər.

Tədbirdə qonaq olan məktəbli Bahar Abbaszadə bütün tədbir iştirakçılarına olduqca böyük təsir edən “Vətən” şeirini səsləndirib.

Sonra tələbələrdən Həcər Təhməzova, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor  Tamam Cəfərova  çıxış edərək Aprel döyüşləri haqda öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.