XƏBƏRLƏR

Millət vəkili Şəmsəddin Hacıyev Cocuq Mərcanlıda ADU kollektivi ilə görüşüb

03 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində metodist, Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Anar Rəhimovun başçılığı ilə pedaqoji təcrübəsi uğurla davam etməkdədir. Aprelin 3-də cəbhəyanı bölgələrdə səfərdə olan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və bir qrup məktəb direktorları məktəbdə olaraq ADU kollektivinin fəaliyyəti ilə maraqlanıblar.

Təcrübə rəhbəri Anar Rəhimov millət vəkilinə Azərbaycan təhsil məkanında ilk olan layihənin ideyasının ADU rektoru akademik Kamal Abdullaya məxsus olduğunu bildirib, pedaqoji təcrübənin gedişatı, tələbələrin fəaliyyəti və tədrisin keyfiyyətinin yaxşılaşdırılması yönündəki tədbirlər haqqında məlumatlandırıb.

O, ADU-nun 4 tələbəsinin artıq 2-ci aydır ki, düşmənlə üz-üzə uğurlu fəaliyyət göstərdiyini deyib. O, bildirib ki, pedaqoji təcrübə bir aylıq nəzərdə tutulsa da məktəb kollektivinin xahişi və rektor Kamal Abdullanın göstərişi ilə daha bir ay müddətində uzadılıb.

Şəmsəddin Hacıyev və aralarında digər elm və təhsil adamları da olan qonaqlar görülən işin dəyərini vurğulayıb, həssas bölgədə təhsil sahəsində belə bir layihənin nümunəvi və çox gərəkli olduğunu deyiblər. Deputat layihənin davamlı və daha uğurlu olması üçün hökumətin də gələcəkdə lazımı dəstək verə biləcəyini vurğulayıb.