XƏBƏRLƏR

ADU-da “Autizm və cəmiyyətin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

03 aprel, 2019

2 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində universitetin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü ilə “Autizm və cəmiyyətin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirin təşkilatçıları S.Musayeva və “Rifah Gold” Psixoloji Reabilitasiya və Nitq inkişafı mərkəzinin direktoru Vüsalə Səfərəliyeva olub.

Tədbiri giriş sözü ilə açan S.Musayeva 2 Aprel-Dünya Autizm Məlumatlandırma Günü haqqında danışıb. O, autizmin əsrin ən qlobal problemlərindən biri hesab edilən, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi və son dövlərdə uşaqlarda çox rast gəlinən xəstəliklərdən biri olduğunu diqqətə çatdıraraq bu mövzuda aparılan maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

Tədbirdə V.Səfərəliyeva mərkəzin fəaliyyəti, uşaq psixoloqu Xanım Mahmudova, idman, yaşam və davranış təlimçisi Elşad Sadiqi autizmli uşaqların qayğıları haqqında danışıblar.

Sonra autizmli uşaqlar və anaları konsert proqramı ilə çıxış ediblər. Onların ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Tədbirdə videoçarxlar və ssenari müəllifi V.Səfərəliyevaya məxsus “Azərbaycan ailəsi 2018” film festivalında mükafata layiq görülmüş, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatından çəkilmiş “Bitməyən ümid” adlı film də nümayiş olunub.

Tədbirdə çıxış edən qonaqlar tədbirin keçirilməsi üçün  yaradılan şəraitə görə ADU rəhbərliyinə  öz minnətdarlığını ifadə ediblər.

Tədbirin sonunda ADU rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov yekun sözü ilə çıxış edib.

Qeyd edək ki, tədbirdə ADU rektorunun məsləhətçisi Anar Osmanlı, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov, mərkəzin müəllim və psixoloqları, valideynlər, uşaqlar və həmçinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimləri və tələbələri də iştirak ediblər.