ADU-da Milli Qəhrəman Ələsgər Novruzov haqqında film təqdim edilib
Azərbaycan Dillər Universitetində (ADU) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlərin davamı kimi Xocalı şəhidi, Milli Qəhrəman Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirilib. Film “Bəs, sən onları tanıyırsan?” adlı layihə əsasında çəkilib. Ekran əsəri “Saf Həyat Naminə Gənclər” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə lentə alınıb.
Öncə respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən Xocalı soyqırımı barədə məlumat verib.
Nailə İsmayılova qonaqları salamlayaraq, “Saf Həyat Naminə Gənclər” İctimai Birliyi haqqında danışıb. O, 2019-cu ildə 10 yaşı tamam olacaq birliyin təsisçisinin Səbinə Abbasova, sədrinin isə Dinara Bayramlı olduğunu diqqətə çatdırıb.
Dinara Bayramlı “Bəs, sən onları tanıyırsan?” adlı layihə haqqında qonaqları məlumatlandırıb. O, qeyd edib ki, Respublika Gənclər Fondunun rəhbərliyi, habelə Müşahidə Şurası layihəni qiymətləndirib.
Sonra ekran əsəri nümayiş olunub.
Sənədli filmin nümayişindən sonra filmin ssenari müəllifi və rejissoru Emil Lətifov Milli Qəhrəman haqqında böyük fəxrlə danışıb. O, təəssüf hissi ilə bildirib ki, Xocalı şəhidi Ələsgər Novruzovun özü barədə tutarlı videoçəkiliş olmadığından montaj zamanı çətinlik yaranıb. E. Lətifov və sənədli filmin assistenti Məhəmməd Baxış bu cür filmlərin həyata vəsiqə alması üçün sevə-sevə, ürəklə işlədiklərini qeyd ediblər. Şəhidin qardaşı Adışirin Novruzov, ömür-gün yoldaşı Şəkibə Novruzova, övladları - Vüsalə, Piyalə və Ülvi Novruzovlar sənədli filmi yüksək səviyyədə ərsəyə gətirdikləri üçün təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Xocalı sakinləri olan şəhidin yaxınları Ələsgər Novruzov haqqında öz xatirələrini söyləyiblər.