ADU-da “Türklərin yazı sistemi-əlifbaları” mövzusunda birgə mühazirə keçirilib
Aprelin 2-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə “Türklərin yazı sistemi-əlifbaları” mövzusunda birgə mühazirə keçirilib.
Əvvəlcə Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov keçirilən dərsin mahiyyəti haqqında ümumi məlumat verərək, bildirib ki, birgə mühazirələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayevin ideyası əsasında təşkil edilir. E.İbrahimov bu tip mühazirələrin xarici ölkələrin universitetlərində çoxdan tətbiq edildiyini və bu mühazirələrin tələbələrin biliklərini daha da təkmilləşməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edib.
Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti olduğunu qeyd edən E.İbrahimov həmçinin türklərin tarixən bir neçə yazı sistemindən istifadə etdiyini vurğulayıb: “Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və ya runik yazı adlandırılan göytürk, yaxud Orxon-Yenisey yazısının nə vaxt və harada yaranması haqqında indiyədək yalnız fərziyyələr irəli sürülmüşdür. Türkcənin türklər tərəfindən yazıldığı ilk əlifba göytürk yazısıdır. Göytürklərdən sonra dövlət idarəçiliyini ələ keçirən uyğurların hakimiyyəti dövründə istifadə olunan türk yazıları türk tarixinin fərq baxımından ən rəngli əlifbalarıdır. Bu dövrdə uyğur, soğd, mani, brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir çox uyğur türkcəsi mətnləri qeyd edilmişdir”.
Daha sonra Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva bildirib ki, tələbələr Türkologiyaya giriş fənnində türk dillərinin səciyyəvi xüsusiyyətləri ilə ümumi şəkildə tanış olurlarsa, Müasir türk dili fənninin timsalında konkret bir qohum dilin fonemlər sistemi, leksik tərkibi və qrammatik quruluşunu daha ətraflı öyrənirlər: “Universitetimizdə bir çox əcnəbi dillər tədris olunur. Müasir Türk dili fənninin Filologiya və jurnalistika fakültəsinin tələbələri üçün tədrisi dövlət siyasətimizin həm bir hissəsidir, həm də Filologiya fakültəsinin tələbələri üçün qohum dillərin öyrənilməsi baxımından bir imkandır. Bu fənn Azərbaycan dialektologiyası, Azərbaycan dilinin tarixi fənlərini daha dərindən mənimsənilməsinə kömək edir. Lakin Türkiyə türkcəsi və Azərbaycan dillərinin morfoloji və geneoloji baxımdan qohum dillər olmasına baxmayaraq, hər bir əcnəbi dil kimi bu dilin də tədrisi, öyrənilməsi və dildən qarşılıqlı tərcümə işi xüsusi hazırlıq tələb edir”.
Birgə mühazirənin sonunda tələblərin sualları cavablandırılıb.