XƏBƏRLƏR

ADU-da 31 Mart soyqırımına həsr olunan növbəti dəyirmi masa keçirilib

28 mart, 2019

Azərbaycan Dillər Universitetində Magistratura  şöbəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.

Öncə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə  açan Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva  31 mart soyqırımının acı həqiqətləri haqqında geniş məlumat verib. O, tədbir zamanı erməni qəsbkarlarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlər haqqında ətraflı danışıb. F.Rzayeva 1998-ci il martın 26-da xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.

Beynəlxalq Münasibətlər kafedrasının dosenti Namiq Əsədov və Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov tədbir zamanı erməni işğalçılarının türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımın tarixini faktlarla magistrantların diqqətinə çatdırıblar.

Tədbirin sonunda tezliklə dünya birliyinin  erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırıma və digər bu kimi cinayət hallarına obyektiv və dəqiq qiymət verəcəyinə əminlik ifadə olunub.