XƏBƏRLƏR

ADU-da Macar dili və mədəniyyəti mərkəzi açılıb

29 mart, 2019

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla razılaşma sənədi imzalayıblar

Martın 29-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-nun rektoru akademik Kamal Abdulla nazir Peter Siyartonu universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor nazirin Azərbaycana səfərinin iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün faydalı olduğunu söyləyib. Rektor Kamal Abdulla cənab nazirin şəxsən iştirakı ilə universitetdə Macar dili və mədəniyyəti mərkəzinin açılmasının əlamətdar hal olduğunu diqqətə çatdırıb. Universitet rəhbəri mərkəzin açılışı üçün hazırlıqların tamamlandığını qeyd edib. Mərkəzin açılışının qarışılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət göstərəcəyini bildirən universitet rəhbəri Azərbaycan mədəniyyətini, dilini, ədəbiyyatını, tarixini təbliğ etmək üçün Macarıstan universitetlərindən birində güzgü effekti olaraq Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmasında nazirin dəstəyini əsirgəməyəcəyinə ümidvar olduğunu deyib. Universitetdə Macar dili və mədəniyyəti mərkəzinin açılışı ilə yanaşı, gələcək əlaqələrin inkişafı üçün macar dilinin və mədəniyyətinin tədrisi ilə bağlı əməkdaşlıq sənədinin də imzalanmasını yüksək qiymətləndirib.

Nazir Peter Siyarto ADU-da olmaqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın inkişafında yaradılan şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Nazir iki ölkə arasında inkişafda olan əlaqələrdən söz açıb. Peter Siyarto ADU-da Macar dili və mədəniyyəti mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. O, hər il xarici tələbələr üçün Macarıstan universitetlərində geniş imkanlar yaradıldığını bildirib və tələbələrə bu imkanlardan yararlanmağı tövsiyə edib.

Tərəflər arasında Macar dilinin və mədəniyyətinin tədrisini həyata keçirmək məqsədilə razılaşma sənədi imzalanıb. Əldə olunmuş razılaşmaya əsasən, təhsil, elm və mədəniyyət sahəsində 29 iyun 2018-ci il tarixli Əməkdaşlıq Razılaşmasının yenilənməsi, ADU-da Macar dili və mədəniyyətinin tədrisinin təmin edilməsi məqsədi ilə əməkdaşlıq edilməsi, yaxın vaxtlarda Macar universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını dəstəkləmək üçün birgə səy göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Daha sonra Macar dili və mədəniyyəti mərkəzinin rəsmi açılış mərasimi keçirilib və Macarıstan naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla tərəfindən qırmızı lent kəsilib.