XƏBƏRLƏR

ADU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

28 mart, 2019

Martın 28-də Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Bənövşə Məmmədova erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb. Məhz ümummilli lider Heydər Əliyevin  26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Qafqazşünaslıq kafedrasının müəllimi dosent Namiq Kərimov soyqırım zamanı erməni quldurlarının törətdikləri vəhşiliklərdən, onların insanların cəsədləri üzərində apardıqları qeyri-insani hərəkətlərdən, tarixi faktlardan söz açıb. O, bildirib ki, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib.

Tədbirdə çıxış edən ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tarix boyu xalqımızın başına gətirilən faciələrdən danışıb, sosial şəbəkələrdə xalqımızın başına gətirilən bu hadisələri dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal olmağa çağırıb.