XƏBƏRLƏR

Bizim dost itirən vaxtımız deyil

27 mart, 2019

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalovun filologiya üzrə fəlsəfə doktoru, dosent Yasif Mürşüdovun xatirəsinə həsr etdiyi "Bizim dost itirən vaxtımız deyil" yazısını təqdim edirik.  

 

1958-ci ildə görkəmli ədəbiyyatşünas alim, professor Mikayıl Rəfilinin ölüm xəbərini eşidərkən dahi Nazim Hikmət yazmışdı:

 

Gəlib çatdı xəbər mənə

Yandı ürəyim Rəfili,

Başlandı nəslimin yarpaq tökümü.

Mənim nəslimin yarpaq tökümünün nə vaxtdan başlandığını dəqiq bilmirəm. Bircə onu bilirəm ki, kənd məktəbində oxuduğumuz şagird yoldaşlarımın yarpaq tökümünün sayı onu keçmişdir. Ali mətəbdə birlikdə təhsil aldığımız tələbə yoldaşlarımın sayı da müəyyən dərəcədə azalmışdı. Bu günlərdə isə onlardan birini də itidik. Gözlənilmədən itirib son mənzilə yola saldıq: ADU-nun Təhsil fakültəsi nəzdində Xarici Dillər kafedrasının müdiri, fil.f.d. dosent Yasif  Malik oğlu Mürşüdovu.

  O, 1950-ci il aprel ayının 1-i Qərbi Azərbaycanın Sisyan rayonunun Şəki kəndində anadan olmuşdur. Biz eyni ildə APXDİ-yə daxil olub, 1974-cü ildə həmin ali məktəbi bitirmişik. Yasif alman dilini, mən isə fransız dilini. Təhsil illərində Dərnəgüldə yataqxanada qalmışıq. Otaqlarımız üzbəüz idi. Yasif müəllim hələ tələbəlik illərində çox çalışqan idi. Çoxlu mütaliə edirdi. Gözəl səsi vardı. Hərdən o zaman dəbdə olan mahnıları şirin bir səslə ifa edirdi. Tələbə inşaat dəstəsində birlikdə işləmişik. İşində çox intizamlı idi. Ali məktəbi bitirdikdən sonra biz təxminən 15 il görüşmədik. Uzun illərdən sonra 1989-cu ildən biz hər ikimiz üçün doğma olan bitirdiyimiz ali məktəbdə işləməli olduq. Yasif müəllim məndən nisbətən tez müdafiə edib alimlik dərəcəsini almışdı. Tale elə gətirdi ki, hər ikimiz kafedra müdiri olduq. O, Praktik alman dilinin, mən Praktik fransız dilinin. Yasif müəllim məndən əvvəl bu vəzifədə çalışdığından o daha təcrübəli idi, bəzi məsələlərdə mən onunla məsləhətləşirdim.

Çox çəkmədi ki, o, yenicə təşkil olunmuş Beynəlxalq Münasibətlər fakültəsinin dekanı vəzifəsinə seçildi. Bir neçə il bu vəzifəni daşıdıqdan sonra ixtisasartırma fakültəsinin dekanı, təxminən iki il idi ki, Təhsil fakültəsi nəzdindəki Xarici dillər kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərirdi. Mən Qafqazşünaslıq kafedrasının müdiri olsam da, yarım ştat Xarici dillər kafedrasında müəllim işləyirdim. Bu baxımdan Yasif müəllim mənim müdirim olmuşdu, müdirlər müdiri idi. Hər hansı xarici ölkədə kitabım nəşr olunurdusa, hansı əcnəbi ölkənin Akademiyasının seçilirdimsə, Yasif müəllim kafedra iclasında onu elə ürəkdən, elə yüksək səviyyədə təqdim edirdi ki, elə bil onun öz uğurudur.

  Mən onun xatirini çox istəyirdim. Paxıllıq, kiminsə uğuruna qısqanclıq onun xasiyyətinə yad idi. İşində ciddi, tələbkar və səliqəli idi. Kafedranın hər hansı müəlliminin problemi olsaydı, ona həmişə dayaq durardı. Onunla işləmək hamı üçün xoş idi. Tezdən işə gələndə demək olar ki, hamı qayğısını unudurdu. Kafedra müəllimlərinin o qədər hörmətini qazanmışdı ki, Yasif müəllimin qəfil ölüm xəbəri onların hamısını sarsıtdı. Kollektivin əksəriyyətini təşkil edən qadın müəllimələrin içlərindəki göynərti, gözlərindəki acı gözyaşları özlərinin də xəbəri olmadan leysana dönüb və hönkürtüyə çevrildi.

 Bilmirəm sənə nə deyim? Dostummu deyim, həmkarımmı, tələbə yoldaşımmı, müdirimmi? Bəlkə 50 yaşımın tamadası? Kafedrada 50 illik yubileyim keçiriləndə o, həmin məclisə tamadalıq etmişdi. Dahi Səməd Vurğun demişkən “Ölüm sevinməsin, qoy...” Tələbəriniz də, qayğı götərdiyiniz müəllimlər də sizi həmişə anacaqlar. Qəbrin nurla dolsun, əziz dostum. Şair Hafiz Baxışın dediyi kimi, “Bizim dost itirən vaxtımız deyil”, ancaq, təəssüf... min təəssüf...