XƏBƏRLƏR

ADU tələbələri Novruza həsr olunan tədbir keçiriblər

19 mart, 2019

Martın 18-də Nəsimi rayonu 211 saylı tam orta məktəbdə ADU-nun Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İlhamə İsgəndərovanın və Pedaqogika kafedrasının dosenti Jalə Mustafayevanın rəhbərlik etdiyi təcrübəçilər – Təhsil fakültəsinin tələbələri Məmmədli Şəlalə (qr.415 a) və Ələsova Aysel (qr.421 b) 7c sinfinin şagirdləri ilə Novruz bayramına həsr olunmuş  tədbir keçiriblər.

Məktəbin Akt zalında baş tutan tədbir Azərbaycan və ingilis dillərində təşkil olunub. Maraqlı ssenari üzrə keçirilmiş tədbirdə turist rolunda çıxış edən iştirakçılara Novruzun tarixi, əhəmiyyəti, atributları, Novruz adət-ənənələri və mərasimləri - papaqatdı, qapıpusdu, yumurta döyüşdürmə, kəndirdartma, həmçinin bayramın baş qəhrəmanları olan Bahar Qız, Kosa və Keçəl haqqında ingilis dilində məlumat verilib.

Tədbir şagirdlərin ingilis dilində söylədikləri bahar fəslinə aid şeirlər, milli musiqi və rəqs nümunələri ilə müşayiət olunub, sonda bütün iştirakçıları birləşdirən Yallı rəqsi ilə yekunlaşıb.

Tədbirdə məktəbin rəhbər heyəti, müəllimlər, təcrübəçi tələbələr və şagirdlər iştirak ediblər.