“Minnezanq və Minneklanq - orta əsr sevgi poeziyası və rəqsləri” konserti təşkil olunub
Martın 15-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Germanistika İnstitutunun direktoru professor Ziqlinde Hartman Zaltsburqlu professor Tomas M.Şallabök ilə orta əsr musiqisinə aid “Minnezanq və Minneklanq - orta əsr sevgi poeziyası və rəqsləri” adlı möhtəşəm konsert təşkil edib.
Tomas M. Şallabök konsert zamanıbir sıra orta əsrə məxsus musiqi alətləri ilə çıxış edib. Onun proqramına Haynrix fon Morunqen, Valter fon der Fogelvayde və ya Osvald fon Folkenştayn kimi məşhur minnezanqların seçilmiş əsərləri daxildir. Konsertdə musiqiçi eyni zamanda yenidən aranjiman etdiyi orta əsr nəğmələrini təqdim edib.
Konsertin təşkilində Avstriya Mübadilə Xidmətinin lektoru Ştefani Matzer, ADU-nun müəllimi Lətifə Qurbanova və ADU tələbələri iştirak edib.
Qeyd edək ki, Tomas Şallabök Avropa orta əsr səhnəsinin ən yaradıcı musiqiçilərindən biridir. O, instrumentalist, bəstəkar eyni zamanda ifaçılığı da özündə birləşdirir. Buna görə də dəfələrlə ən yaxşı minnezanq kimi mükafat qazanıb.Tomas Şallabök həm solo olaraq, həm də onun tərəfindən qurulan ansamblı ilə birgə ifa edir. Avropanın və Cənubi Amerikanın 14 ölkəsində 1000-dən çox konserti, Avropa, Yaponiya və Amerika Birləşmiş Ştatlarında saysız televiziya çıxışları və 70 000 ədəd satılmış CD-si onun 30 illik müvəffəqiyyət hekayəsindən xəbər verir.