XƏBƏRLƏR

Cocuq Mərcanlıdan Şuşaya gedən yol - ADU əməkdaşlarının təəssüratları

15 mart, 2019

Martın 5-də Azərbaycan Dillər Universitetinin elmi katibi f.e.d., dos. Həmidə Əliyeva, Filologiya və jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri f.e.d., dos. Sevinc Zeynalova, kafedranın baş müəllimi Ramilə Alışova, fil.f.d., dos. Aytən Allahverdiyeva və fil.f.d. Samirə Məmmədova pedaqoji təcrübə keçmək üçün Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinə təhkim olunmuş ADU tələbələrinə baş çəkiblər. Onların təəssüratlarını təqdim edirik.

 Cocuq Mərcanlıdan Şuşaya gedən yol

Artıq ikinci ildir ki, ADU-nun rektoru  akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetimizin bir qrup tələbəsi öz pedaqoji təcrübələrini Azərbaycanın müxtəlif regionlarında məskunlaşan məcburi köçkün və qaçqın məktəblərində keçirlər. Təcrübə dövründə universitetimizin bütün kollektivi – professor-müəllim heyəti  və inzibati işçilər rektorumuzun bu nəcib təşəbbüsünü əsl vətəndaşlıq borcu kimi qəbul edərək, həmin məktəblərə ezamiyyətlər təşkil edir, mədəni-kütləvi tədbirlər keçirir və müxtəlif  hədiyyələr aparır.

Sevindirici haldır ki, belə məktəblərin siyahısında Aprel döyüşləri nəticəsində işğaldan azad olmuş  gözəl bir guşədə – Cocuq Mərcanlı kəndində yerləşən orta məktəb də yer alır. Biz də öz növbəmizdə, 05.03.2019-cu il tarixində ADU-nun təcrübəçi tələbələrinə  dəstək məqsədilə  Cocuq Mərcanlı kənd orta məktəbinə ezam edilərkən, coşqu və fərəh hissi keçirdik. Çünki 2016-ci ilin aprel döyüşlərindən sonra Milli ordumuzun  rəşadəti, cəsur əsgərlərimizin igidliyi və qanı bahasına Lələ Təpə yüksəkliyi düşməndən alındıqdan sonra  işğal nəticəsində darmadağın edilmiş Cocuq Mərcanlı kəndi yenidən həyat üçün vəsiqə qazandı.  Öz doğma sakinlərini yenidən qoynuna alan Cocuq Mərcanlı bu gün erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Laçına, Kəlbəcərə  və digər əsir torpaqlarımıza açılan ümid qapısıdır. Elə Cocuq Mərcanlı kəndinin girişindəki lövhələrdə əksini tapan “Cocuq Mərcanlıdan Şuşaya”  nişanı da bizi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini bir  daha  artırdı. Cocuq Mərcanlı ilə ilk təmasdan yaranan təəssüratımız çox möhtəşəm oldu.

Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanışlığımız məktəbin direktoru Zamin Həziyevlə başladı. Direktor qonaqları məktəblə yaxından tanış etdikdən sonra,  bizi sinif otaqlarına canlı dərslərə dəvət etdi. Müvafiq texniki vasitələr və dərs vəsaitləri ilə təchiz olunmuş sinif otaqlarında təhsil alan balaca Cocuq Mərcanlı şagirdlərinin gözlərindəki işıq bizə də sirayət edirdi. Məktəbdə diqqəti cəlb edən digər bir hal isə “Unutmayaq ,unutdurmayaq” prinsipinə uyğun qəhrəmanlıq guşəsi ilə tanışlığımız oldu. Burada Cəbrayıl rayonundan olan Böyük Vətən müharibəsi qəhrəmanı Cəmil Əhmədovun, 6 Qarabağ və 22 Aprel döyüşləri şəhidinin şəkilləri əks olunmuşdu.

Sonra direktor bizi məktəbin kitabxanası ilə tanış etdi. Biz universitetin və heyətin şəxsi kitabxanasından  gətirdiyimiz kitabları məktəbin kitabxanasına hədiyyə etdik. Onu da qeyd edək ki, apardığımız kitablar böyük marağa səbəb olmaqla yanaşı, həm də yerinə düşdü. Bizə verilən məlumatlardan aydın oldu ki, xarici jurnalistlər  və Azərbaycanda olan diplomatik korpusun nümayəndələri tez-tez Cocuq Mərcanlı kəndinin qonağı olur, məktəbə də baş çəkirlər. Məktəbin direktoru qeyd etdi ki, bu görüşlər zamanı onlara bizim hədiyyə etdiyimiz  ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” və “Azərbaycana xoş gəlmisiniz” (Welcome to Azerbaijan) kitablarını göstərməyin böyük əhəmiyyəti olacaqdır. O, həmçinin  vurğuladı ki, “Azərbaycana xoş gəlmisiniz” kitabının redaktoru İan Piyart vaxtilə,  xarici jurnalist qismində Qarabağ torpaqları işğal olunarkən zərər çəkmiş insanlarla təmasda olmuş, kənd sakinlərindən müsahibələr almışdır. “Azərbaycan multikulturalizmi” kitabı isə milli-mədəni dəyərlərimizə istinad etməklə yanaşı, multikultural dəyərlərin də ciddi qorunub saxlanıldığı Azərbaycanı dünyaya tanıtmaq istiqamətində gözəl bir təbliğat vasitəsi olacaq  və məktəbə qonaq gələcək hər bir əcnəbidə Azərbaycan multikulturalizm modeli haqqında müəyyən təsəvvür yaradacaqdır. Bundan əlavə ADU-nun “İngilis dilinin leksikologiyası və üslubiyyatı” kafedrasının müəllimlərinin ingilis dilinin tədrisi ilə bağlı məktəbə hədiyyə etdikləri kitab və lüğətlərin təqdimatı oldu.

Kitabxana ilə tanışlıqdan sonra universitet əməkdaşları, təcrübəçi müəllimlər və məktəbin müəllim-şagird kollektivinin birgə iştirakı ilə tədbir keçirildi. Təcrübəçi tələbələrimiz məlumat xarakterli “ADU-nu tanıdaq” adlı giriş hissəsini təqdim etdikdən sonra ADU  haqqında video-çarx izlənildi. Təcrübəçi tələbələr və metodist müəllim Anar Rəhimov ADU haqqında ətraflı məlumat verdikdən sonra söz şagirdlərə verildi. Müəllimlərimiz şagirdlərin iştirakı ilə ingilis dilində çox maraqlı viktorina keçirdilər. Kiçik yaşlı məktəblilərin bizim suallarımıza ingilis dilində sərbəst cavablar verməsi bizi çox heyrətləndirdi. Məktəbin direktoru Zamin Həziyev bir daha bizim tələbələrimizə minnətdarlığını bildirdi və qeyd etdi ki, şagirdlərin az vaxt ərzində ingilis dilində belə gözəl cavab vermələri onların əməyinin nəticəsidir. Belə ki, təcrübəçi tələbələrimiz yalnız 5 günlük dərs həftəsi ilə kifayətlənmir, istirahət günlərində də məktəbdə şagirdlər üçün intensiv dil kursları təşkil edirlər.

Məktəbdə heyrətimizə səbəb olan digər bir məqam isə kiçik yaşlı şagirdlərin dahi Azərbaycan şairi Nəsiminin qəzəllərini söyləməsi oldu. Məlumdur ki, möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının sərəncamına əsasən 2019-cu il Azərbaycanda Nəsimi ili elan olunmuşdur. Universitetimizdə bu məqsədlə çox geniş tədbirlər planı və konfransın keçirilməsi nəzərdə tutulub. Həmin plana daxil olan tədbirlərdən biri də pedaqoji təcrübə keçirilən məktəblərdə Nəsiminin qəzəllərindən ibarət qiraət müsabiqəsinin keçirilməsidir. Biz Cocuq Mərcanlıya səfərimiz zamanı bu müsabiqənin yuxarı sinif şagirdləri arasında keçirilməsini nəzərdə tutsaq da, onun məhz kiçik yaşlı şagirdlər tərəfindən təqdim olunmasını və belə maraqla qarşılanmasını gözləmirdik. Tədbirin sonunda məktəbin direktoru bizə  təşəkkür edib, ADU rəhbərliyinə salamlarını çatdırmağı xahiş etdi. Məktəbin rəhbərliyi  universitetin rektoruna təcrübəçi tələbələrin daha bir ay məktəbdə qalması ilə bağlı ünvanladığı məktubu da bizə təqdim etdi.  Məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirib ayrılsaq da, kənddəki səfərimiz hələ davam etməkdə idi.

Tədbir yekunlaşdıqdan sonra, Z.Həziyev bizi Cocuq Mərcanlı kəndi ilə yaxından tanış etdi. Bu kəndin hər bir guşəsində dövlətimizin və dövlət  başçısı möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı hiss olunurdu. Məhz dövlət başçısının sərəncamı ilə 52 gün ərzində kənddə Şuşa Yuxarı Gövhər Ağa məscidinin  bənzəri  inşa edilib.  Bu düşmənə Şuşanı heç zaman unutmadığımız barədə bir mesaj olmaqla yanaşı, həm də doğma torpaqlarımızı tezliklə azad edəcəyimizin rəmzi bir ifadəsidir.  Daha sonra  Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kənd icra nümayəndəliyinin binasında bizi qəbul etdi.  K.Həsənov erməni işğalından azad ediləndən sonra Cocuq Mərcanlıda görülən abadlıq və quruculuq işlərindən, onun qısa zamanda hər bir infrastrukturla təmin olunmasından söhbət açdı. O,  Cocuq Mərcanlı sakinlərinə dövlətin xüsusi qayğı göstərdiyini, onların həyat şəraitinin yaxşılaşdırılması üçün digər zəruri sosial və infrastruktur obyektlərinin inşasının da nəzərdə tutulduğunu qeyd etdi. Hal-hazırda kənddə “Made in Azerbaijan” brendi altında suvenir istehsal edəcək fabrikin tikildiyini söyləyən icra başçısı, bunun eyni zamanda, 60 sakin üçün iş yeri olacağını bildirdi. Sonda K.Həsənov qonaqlardan ADU rəhbərliyinə salamlarını və Cocuq Mərcanlıya diqqət ayırdıqları üçün təşəkkürlərini çatdırmağı xahiş etdi.

Azərbaycan Dillər Universiteti  özünün novator ideyaları ilə fərqlənən  akademik Kamal Abdullanın təşəbbüsü nəticəsində Cocuq Mərcanlının tarixində öz imzasını atdı. Cocuq Mərcanlı kənd orta məktəb şagirdlərinin gələcək ali təhsil ocağı kimi  ADU-nu seçmək arzusu  bunun bariz nümunəsidir.

Cocuq Mərcanlıda olarkən öyrəndik ki, 1994-cü ildən sonra bu il ilk dəfə kənddə böyük Novruz şənlikləri keçiriləcək, bayram tonqalları yandırılacaqdır. Arzu edərdik ki, tezliklə bu bayram tonqalları digər işğal olunmuş torpaqlarımızda şölələnsin və  doğma yurdlarından zorla didərgin düşmüş insanlar öz evlərində bayram xonçaları bəzəyib şamlarını yandırsınlar.