XƏBƏRLƏR

Təhsil Muzeyində bir gün

15 mart, 2019

Muzey xalqımızın adət-ənənələrini, təhsilinin çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir. Muzeylər tarixin müəyyən məqamını özündə əks etdirən maarif müəssisəsidir. Xalqımızın elmi və mədəni abidələrinin, tarixinin qorunması, gələcək nəsillərə ötürülməsində muzeylər müstəsna rol oynayır. Hazırkı dövrümüzdə muzey fəaliyyətinin daha interaktiv olması cəmiyyətimiz və bizim kimi fəaliyyətə yeni başlayacaq olan tələbələr üçün olduqca vacibdir. Pedaqoji təcrübə müddətində ziyarət edilməsi bu cür vacib olan müəssisələrə bizi böyük maraqla aparan metodistimiz Gözəl Məmmədova minnətdar olmalıyıq. Təbii ki, belə elm ocaqlarının ziyarət edilməsi bizim gələcək fəaliyyətimiz üçün müəyyən təcrübə qazandırır. Metodistimiz Gözəl Məmmədova ilə birlikdə bizim- 401a, 401b qrupunun təcrübəçi tələbələri - Qafarova Ləman, Kərimova Asya, Namazova Selcan, Məhərrəmova Gülanə, İsrafilova Çinarə, Əmiraslanova Mətanət, Cəbrayılova Mehriban, Nadirli Rəxşəndə, Seyidova Fatma, Mahmudova Nurlanə, Məmmədova Ayselin ilk ziyarət etdiyi muzey Təhsil Muzeyi oldu.

Metodistimizin rəhbərliyi ilə muzeyə daxil olduq və eksponatlarla tanış olmağa başladıq. Muzeyin işçiləri bizə muzeydə saxlanılan materiallar haqqında ətraflı izahat verdilər. Biz burada təhsilimizin qədimdən müasir dövrümüzə qədər keçdiyi mərhələlər və muzey haqqında geniş məlumat əldə etdik. Muzey 6 salondan ibarətdir. Birinci salonda təhsilimizin qədim zamanlardakı vəziyyətini əks etdirən sənəd və materiallar, həmçinin İslamın müqəddəs kitabı “Qurani-Kərim” saxlanılır. Əminliklə deyə bilərəm ki, bu eksponat muzeydə mənim üçün unudulmaz olan eksponatlardan idi. İkinci salonda XIX əsrin sonu XX əsrin əvvələrində təhsilimizin hansı yollardan keçdiyi sərgilənir. Üçüncü salonda 1918-40-cı illərdə təhsil, dördüncü salonda ali və orta ixtisas təhsilinin inkişafı, beşinci salonda 1941-1986-cı illərdə təhsilimizin tarixi əks etdirilir. Muzeyin altıncı salonu isə xalqımızın müstəqillik illərindəki təhsilin inkişafına həsr olunub. Muzeydə saxlanılan hər bir eksponat bir-birindən maraqlı və dəyərlidir. Mənim bu muzeyə ilk gedişim idi və mənim üçün çox maraqlı, öyrədici və unudulmaz bir gün oldu. Belə faydalı bir muzeylə bizi tanış etdiyi və heç zaman köməyini, faydalı məsləhətlərini bizdən əsirgəmədiyi üçün metodistimiz Gözəl Məmmədovaya bir daha təşəkkür edirik.

Qafarova Ləman