XƏBƏRLƏR

Uğurlu pedaqoji təcrübə: ADU ilə köçkün məktəbləri arasında körpü

14 mart, 2019

Pedaqoji təcrübə rəhbəri dilçi-metodist, Akif Qasımovun Bərdə rayonu Həsənqaya ərazisində yerləşən Ağdam 1 saylı məcburi köçkün tam orta məktəbində pedaqoji təcrübədə olub. Onun təəssürat yazısını təqdim edirik.

“Azərbaycanın müxtəlif bölgələrində yerləşən  məcburi köçkün məktəblərində fəaliyyət göstərən   müəllim və şagird kollektivi ADU-nun təcrübəçi tələbələrinin məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçmək ideyasını  alqışlayır və onu yüksək səviyyədə qarşılayırlar”

Hamıya məlumdur ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla keçən tədris ilindən başlayaraq artıq ikinci ildir ki, universitetimizin bir qrup tələbələrinin təcrübə keçirmək üçün ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərinə göndərilməsi ilə bağlı olan məsuliyyətli bir layihəyə (təşəbbüsə) imza atmışdır. Biz də universtitetmizin rektoru akademik Kamal Abdullanın irəli sürdüyü bu layihəni dəstəkləyərək artıq ikinci ildir ki, Bərdə rayonu Həsənqaya qəsəbəsində yerləşən Ağdam 1 saylı məcburi köçkün tam orta məktəbində tədris zamanı pedaqoji təcrübənin uğurlu keçməsi üçün tələbə və şagirdlərlə birgə fəaliyyət göstəririk. Nəzərinizə çatdırım  ki, biz 18 fevral 2019-cu il tarixdən 15 mart 2019-cu il tarixinədək tələbələrimizlə birlikdə yuxarıda adını çəkdiyimiz məcburi köçkün tam orta məktəbində pedaqoji təcrübədə olacağıq. Onu da deməyi özümə  borc bilirəm ki, məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət proqramlarına əlavələr  əsasında 2013-cü ildə inşa olunmuş günümüzün tələbinə cavab verən 3 mərtəbəli müasir tipli təhsil müəssisəsidir.

Belə ki, biz 18 fevral 2019-cu il tarixdə həmin məktəbə gəldik və milli təhsil strategiyasının yaradıcısı olan ümummilli liderimiz Heydər Əliyevin “Qaçqınların, köçkünlərin yaşadıqları  yerlərdə onların yaşayış şəraitini daim yaxşılaşdırmaq lazımdır. Bu bizim əsas vəzifəmizdir” şüarını əlimizdə əsas tutaraq fəaliyyətə başladıq. Keçən il olduğu kimi bu il də bizi məktəbin direktoru təhsildə fəaliyyətinə görə dəfələrlə müxtəlif medalarla və sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş çox dəyanətli, işgüzar bir xanım Çimnaz Kərimova qarşıladı. Biz məktəb haqqında lazımı məlumatlar aldıqdan sonra məktəbin dərs hissə müdirləri Nuridə Salmanova və Arzu Quliyevanın köməkliyi ilə  məktəbdə ingilis dilini tədris edən müəllimlərlə tanış olduq və tələbələri tədris cədvəli  üzrə siniflərə böldük. Elə fəaliyyətimiz də həmin gündən qiymətləndirilməyə  başlandı.

Qısa müddətdə ardı-arası kəsilməyən universitet  səyahətlərinin  şahidi olduq. Bir-birinin ardınca məktəbdə müxtəlif mövzularda - “Multikulturalizmin  Azərbaycan modeli”, ”İngilis dilli ölkələrin tarixi və mədəniyyəti”, “Çini tanıyaq”, “Çin Respublikasının tarixi və mədəniyyəti”, “Azərbaycan dili bizim dövlət dilimizdir, onu qorumaq bizim borcumuzdur “, “İmaddədin Nəsimi-650” seminarlar və tədbirlər keçirildi. Bu tədbirlərin keçirilməsi və seminarların aparılmasında fəal iştirak etdiklərinə görə universitetimizin bir qrup professor-müəllim heyətinə başda Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyevaya və Xarici Dillərin tədrisi metodikası kafedrasının müdiri professor Gülnar xanım Hüseynzadəyə öz dərin təşəkkürümü  bildirirəm. Mübaliğəsiz desək yerinə düşər. Belə ki, tədbirlər içərisində diqqəti cəlb edən mövzulardan biri olan  “Çini tanıyaq” mövzusu şagirdlər tərəfindən keçən il olduğu kimi bu il də yüksək səviyyədə qarşılandı.

Nəzərinizə  çatdırmaq istərdim  ki, keçən il ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun  direktoru  xanım Li Jihuanın məktəbə səfəri şagirdlər tərəfindən yüksək səviyyədə qarşılandı, xanım Li bundan çox məmnun oldu və məktəbə 1 ədəd kompüter və 1 ədəd proyektor hədiyyə etdi. Bu il də biz “Çini tanıyaq” mövzusunda tədbir keçirdik.

Hamı xanım Lini səbirsizliklə gözləyirdi. Lakin təəssüflər olsun ki, müəyyən səbəblər üzündən xanım Li bu dəfə məktəbə səfər edə bilməsə də, keçən il olduğu kimi bu il də Çin mərkəzindən məktəbə 1 ədəd printer və Çin mədəniyyəti ilə bağlı kitablar, buketlər hədiyyə olundu. Hədiyyələr müxtəlif mövzular üzrə keçirilən viktorinalarda  I, II,III yerləri tutan şagirdlərə təqdim olundu.

Bəli keçən il olduğu kimi bu il də məktəb kollektivi Universitetimizin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin davamlı olacağına inandıqlarını və bu layihənin bu gün olduğu kimi gələcəkdə də çox böyük tərbiyəvi əhəmiyyəti olacağını söylədilər və sonda bu layihə məktəb kollektivi tərəfindən məktəblə universitet arasında əlaqələrin yaranması istiqamətində çox böyük addım kimi qiymətləndirildi.

Bildiyimiz kimi hər bir xalqın təhsil siyasəti dövlətin siyasətini həyata keçirə bilən, torpağına, xalqına bağlı olan, onu sevən, inkişafına çalışan vətəndaş yetişdirmək fəlsəfəsi üzərində qurulur. Məhz ona görə də bu gün olduğu kimi  hər an qazanılmış nəzəri bilikləri tətbiq etmək üçün tələbələrdə bacarıq və vərdişlərin ilkin formalaşdırılmasına xidmət edən pedaqoji təcrübə tətbiq olunur.

Dünyanın məşhur siyasi xadimlərinin qeyri adi şəxsiyyət, müdrik və uzaqgörən siyasətçi, regionun ən əsas şəxsiyyəti adlandırdığı ümummilli liderimiz Heydər Əliyevin siyasətində təhsil siyasəti xüsusi yer tutur. Təhsili millətin gələcəyi adlandıran bu böyük şəxsiyyət deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən asılı olmayaraq, bütün xüsusiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.

Bəli, bütün yuxarıda sadalananlara söykənərək şəstlə (cürətlə) deyə bilərik ki, akademik  Kamal Abdullanın təhsildə atdığı bu ilk addım Azərbaycan Respublikasında fəaliyyət göstərən başqa universitet və təhsil müəssisələrindən də yan keçməyəcək, onlara da öz təsirini göstərəcək və bu atılan addım təhsilin gələcəyinin işıqlandırılması  istiqamətində atılan böyük bir addım kimi qiymətləndiriləcək.

Çünki atılan bu ilk addım şübhəsiz ki, şəhərlə kənd məktəbləri arasında dirəkləri möhkəm olan bir körpü rolunu oynayacaq və sabahın mütəxəssisi öz işinə, öz xalqının mədəniyyətinə hörmət edən və daim yaradıcılıq axtarışı aparan şəxsiyyət kimi formalaşacaq.