XƏBƏRLƏR

Vətəndaşların yazılı müraciətləri, qeydiyyatı və onlara baxılması qaydaları - Rektorun müşaviri yazır

13 mart, 2019

Azərbaycan Dillər Universitetinin rektorunun İcra intizamına nəzarət işləri üzrə müşaviri Abduləli İsmayılovun “Vətəndaşların yazılı müraciətləri, qeydiyyatı və onlara baxılması qaydaları” yazısını təqdim edirik.

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu 30 sentyabr 2015-ci il tarixdə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. 17 maddədən ibarət olan bu Qanun vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanun qəbul edilərkən yaradılmış işçi qrupu tərəfindən onun mükəmməl işlənib hazırlanması,müraciətlərə baxılması haqqında qanunvericiliyin bütün sahələrini əhatə etməsi təmin olunmuş, yeni hüquq normalarının müəyyən olunması ilə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası və müdafiəsi daha da gücləndirilmişdir. Göstərilənlərə əsasən Qanunu vətəndaşların hüquqlarının və azadlıqlarının qorunmasında mühüm vasitə hesab etmək olar.

Qanunun 1-ci maddəsinə əsasən vətəndaşların dövlət və bələdiyyə orqanlarına,  dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlət və bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

Bununla yanaşı, Qanunun həmin maddəsində vətəndaşların müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirmələri və bu zaman digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamaları,eləcə də irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnun məhdudlaşdırılmasının qadağan olunması da nəzərdə tutulmuşdur.

Qanunun 3-cü maddəsində vətəndaşların müraciətlərinə baxılarkən istifadə olunan əsas anlayışlar göstərilmişdir. Həmin anlayışların mühüm əhəmiyyət kəsb edən bir qisminin mətnini olduğu kimi verməklə yanaşı onların izahı ilə bağlı mülahizələrimi bölüşməyi məqsədəmüvafiq bilirəm.

Müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə,şikayət;

Təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət; Ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;  Təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət; Anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət; Müraciətə baxan subyekt - fikizi və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları; Müraciətə baxan subyektin vəzifəli şəxsi – müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati – sərəncamverici və ya inzibati – təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər.

Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, ”müraciət” anlayışı “təklif”,”ərizə”    və “şikayət” anlayışlarını tam əhatə edir. Belə olan halda vətəndaşların müraciətinə baxılarkən sənədlərin tərtibi zamanı müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən sonuncu 3 anlayışın “müraciət” anlayışı kimi ifadə olunması və ya yazılmasını həmin anlayışların mahiyyəti və mənası baxımından düzgün hesab etmək olar, bunun yol verilmiş qanun pozuntusu və xəta kimi qiymətləndirilməsindən söhbət gedə bilməz, lakin “təklif”, ”ərizə” və “şikayət” anlayışları ayrı-ayrılıqda  başqa mənalar verdiyindən, “ təklif “sözünün “ərizə” və “şikayət “ sözləri, “ərizə” sözünün “təklif” və “şikayət” sözləri, “şikayət” sözünün isə “təklif” və “ərizə” sözləri mənasında işlədilməsi yol verilməzdir. Həmin anlayışların  mahiyyətinin izah olunmasında məqsəd ondan ibarətdir ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri müraciət daxil olduqdan sonra onların mətni ilə ətraflı tanış olmalı, müraciətlərin təsnifatını əsas anlayışlar üzrə müəyyənləşdirməklə müvafiq sənədləşmə aparılmasını təmin etməlidirlər.

Qanunda göstərilən “Təkrar müraciət” anlayışının  izahından görünür ki, bu vətəndaşın növbəti müraciəti hesab olunur. Bu anlayışın yaranması üçün müraciətin qanunla müəyyən edilmiş baxılması müddəti keçməli və ya həmin müraciət cavablandırıldıqdan sonra eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə müraciət etməsi tələb olunur.

Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət daxil olduqdan sonra yuxarıda göstərilən halların mövcud  olub-olmaması müəyyən edilməli, vardırsa onun təkrar müraciət kimi qeydə alınması təmin edilməlidir.

Burada bir məsələni də qeyd etmək yerinə düşər. Təcrübə göstərir ki, müraciətə baxılmasının nəticəsi barədə müraciət edən şəxsə bəzi hallarda rəsmi cavablar göndərilmir və yaxud verilmiş cavablar əsaslandırılmır, yəni verilmiş cavab formal xarakter daşıyır. Müraciətlərə baxılması zamanı  vətəndaşların belə cavablandırılması və hüquqi əhəmiyyət kəsb edən sənədə laqeyd münasibət bəslənilməsi vətəndaşların haqlı narazılığına səbəb olur, bu da öz növbəsində təkrar müraciətlər edilməsi ilə müşayiət olunur.

     Təkrar müraciətlərin qarşısının alınması məqsədi ilə vətəndaşların müraciətlərinə birmənalı şəkildə bütün hallarda rəsmi cavablar verilməli və həmin cavabların əsaslandırılmış olması təmin edilməlidir.

 “Anonim  müraciət”lə bağlı onu qeyd etmək lazımdır ki, bu Qanunun tələblərinə əsasən həmin müraciətlərə bir qayda olaraq baxılmır, lakin buna baxmayaraq, müraciətlərin anonimliyinin təsdiqi üçün zəruri olan sənədlər aidiyyəti qurumlardan tələb edilməklə müraciətə əlavə olunmalı və müvafiq sənədləşmə aparılmalıdır.

Qanunun 3-cü maddəsində müraciətə baxan subyektlərin dairəsi konkret olaraq göstərildiyindən bununla bağlı hər hansı bir geniş şərhə ehtiyac yoxdur. Lakin qısa şəkildə onu demək kifayətdir ki, həmin subyektlərin fiziki və hüquqi şəxslərin  müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olmalıdır.

Qanunun 3-cü maddəsində eləcə də müraciətə baxan subyektin vəzifəli şəxsinin də dairəsi konkret olaraq müəyyənləşdirilmiş, Qanunun bununla bağlı izahından aydın başa düşmək olur  ki, həmin şəxslər müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs olmalıdır.

Qanunun  7-ci maddəsində vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddə də göstərilənlərə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etmək üçün icraya yönəldilməlidir. Qanunun tələbinə görə müraciəti qəbul etməkdən imtina qadağandır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulmalıdır. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsi ilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab  verilməlidir.

Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Eyni zamanda müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda həmin qərardan şikayət verilməsi qaydası da izah olunmalıdır.

Vətəndaşların müraciətlərinə baxılması müddətləri Qanunun 10-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, hərbi qulluqçuların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü müddətində baxılmalıdır.

Müraciətlərə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır.

Belə olan halda müraciətə baxan subyektin vəzifəli şəxsi müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin baxımı müraciətin müraciətə baxan subyektə daxil olan gündən başlanır.

 Bu Qanunda nəzərdə tutulmasa da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) daxil olan müraciətlərə “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikası       Konstitusiya Qanunun 12.1-ci maddəsinə əsasən 10 gün müddətinə baxılmalıdır. Təcrübə onu göstərir ki, müraciətlərə baxılarkən Qanunun həmin tələbinə əsasən əməl olunur, lakin buna baxmayaraq bəzi hallarda isə  Müvəkkildən (Ombudsmandan) daxil olmuş müraciətləri qeyd olunan 10 gün müddətində başa çatdırmaq mümkün olmur. Belə olan halda daxil olmuş müraciətlə əlaqədar əldə olunmuş ilkin məlumatlar əsasında cavab verilməsi təmin olunur, sonradan isə müraciəti nəzarətə götürmüş Müvəkkilə (Ombudsmana) ətrafli əsaslandırılmış  məlumat göndərilir.

Vətəndaşların qəbul edilməsi qaydası Qanunun 11-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini onların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşların qəbulu müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən həyata keçirilməlidir. Təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə isə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxləri onları dərhal qəbul etməlidirlər. Digər hallarda isə onlar əvvəlcədən müəyyən edilmiş  günlərdə və saatlarda qəbul olunmalıdırlar. Qəbul zamanı vətəndaşlar tərəfindən təqdim edilmiş yazılı müraciətlər bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq qəbul edilməli, qeydiyyata alınmaqla baxılmalıdır. Təqdim olunan yazılı müraciətlərdə qaldırılan məsələni digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinıə aid olduğu aşkar edilərsə, bu zaman müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunmalıdır.

Şəxsi qəbulla bağlı onu da qeyd etmək lazımdır ki, bütün idarə, müəssisə və təşkilatlarda bir qayda olaraq vətəndaşların qəbulu cədvəli tərtib edilməli və bu barədə olan lövhə həmin qurumların inzibati binasının giriş hissəsində aydın görünən yerdə asılmalıdır.

Qanunun şərhi ilə əlaqədar yekunda onu da bildirmək istərdim ki, bu yazı hazırlanarkən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun  mühüm əhəmiyyət kəsb edən və vacib olan əsas müddəlarının izahına geniş yer verilmişdir.