XƏBƏRLƏR

ADU-nun tələbələri “Çin haqqında nə bilirik” mövzusunda viktorina təşkil ediblər

11 mart, 2019

Martın 7-də Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlı kənd orta məktəbinin 7-ci və 8-ci sinif şagirdləri arasında “Çin haqqında nə bilirik” mövzusunda viktorina təşkil ediblər.

Viktorinada məktəbin “Cocuq” və “Mərcanlı” komandaları iştirak edib, 20 sualdan ibarət yarış maraqlı elm mübarizəsi şəraitində keçib. Aparıcılar təcrübəçi müəllimlər Nicat Aşurov və Aysel Salmanova olub.

Sonda məktəb direktoru Zamin Həziyev, təcrübə rəhbəri Anar Rəhimov və təcrübəçi tələbələrdən ibarət münsiflər heyəti Çin haqqında daha dərin bilik və məlumata sahib “Cocuq” komandasını qalib elan ediblər.

Viktorinadan sonra Cəbrayıl Rayon İcra Kakimiyyətinin başçısı Kamal Həsənov ADU kollektivini qəbul edib. Təcrübəçi tələbələrin gördüyü işlərlə, pedaqoji təcrübənin gedişatı ilə maraqlanan icra başçısı artıq kollektivin xoş sədalarının onun da qulağına çatdığını vurğulayıb, Cəbrayılın işğaldan azad olunmuş kəndində təhsilin canlandırılmasına yönələn təşəbbüsünə görə ADU-nun rektoru akademik Kamal Abdullaya şəxsən təşəkkürünü ifadə edib.

Pedaqoji təcrübə rəhbəri Anar Rəhimov öz növbəsində icra başçısına diqqətə və qəbula görə həm öz adından, həm tələbələr adından təşəkkür edib. Sonra o təcrübəçi tələbələrlə keçirdikləri tədbirlərdən, əlavə dərslərdən, tərbiyəvi və maarifləndirici tədbirlərdən danışıb, ADU kollektivinin artıq bir aya yaxınlaşan fəaliyyəti müddətində əldə olunan uğurlar barədə məlumat verib.