XƏBƏRLƏR

Paris Sülh Konfransının 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

11 mart, 2019

Regionşünaslıq kafedrasının müəllimləri tərəfindən Paris Sülh Konfransının 100 illiyinə həsr olunmuş “Paris Sülh Konfransında AXC Nümayəndə Heyətinin iştirakı” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada müzakirələr “Paris Sülh Konfransında AXC-Fransa, AXC-ABŞ, AXC-Böyük Britaniya münasibətləri” ətrafında aparılıb. Müzakirələri açıq elan edən Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Paris Sülh Konfransının dünya tarixində əhəmiyyəti, konfransın niyə məhz Parisdə, “Güzgülü sarayda” təşkil edilməsi, konfransın iştirakçı dövlətləri, xüsusən də ABŞ, Britaniya nümayəndə heyətləri barədə məlumat verib. O, həmçinin, Paris Sülh Konfransında iştirakın Azərbaycan Nümayəndə heyəti üçün əhəmiyyətini də xüsusi vurğulayıb.

Dəyirmi masada çıxış edən müəllimlərdən Xəyalə Ağayeva AXC nümayəndə heyətinin konfransa gələrkən üzləşdikləri problemlərdən, Ermənistan nümayəndə heyətinin Parisə daha erkən gələrək anti–Azərbaycan təbliğatı aparmalarından və bunların Fransa ilə münasibətlərimizə təsir etməsindən bəhs edib.

Çıxış edənlərdən Həmidə Cəfərova Böyük Britaniya rəsmiləri ilə əlaqələrin qurulmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Böyük Britaniya ilə əlaqələrin möhkəmləndirilməsinin Azərbaycan üçün şimaldan gələ biləcək təhlükələrdən müdafiəsində önəmli olduğunu qeyd edib.

Elşən Məcidov isə ilk olaraq ABŞ-ın Paris Sülh konfransında iştirak etməsi, konfransa hazırlıqları barədə danışıb. O, çıxışı zamanı nümayəndə heyətimizin ABŞ prezidenti Vudro Vilsonla görüşünün AXC dövrünün diplomatiya tarixində ən diqqətəlayiq uğurlarından biri olduğunu da vurğulayıb.

Sonda Sevdagül Əliyeva 100 illik çərçivəsində bu cür tədbirlərin bir daha keçiriləcəyi barədə məlumat verib.