XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Maslenitsa bayramı keçirilib

07 mart, 2019

Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Maslenitsa bayramı keçirilib. Maslenitsa slavyan xalqlarının qədim adəti olan qış fəslinin yola salınması və yazın gəlməsini tərənnüm edir. Tədbir ADU-nun “Rusiyaşünaslıq Mərkəzi” ETL-nın təşkilatlığı ilə keçirilib.

Tədbirdə universitetin rəhbərliyi və professor-müəllim heyəti, Azərbaycanda Rusiya Federasiyanın Səfirliyinin müşavirləri Serqey Leonidoviç Stepanov və İqor Petroviç Yeronin, Bakıda Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin müdir müavini Aleksandr İliç Kalamin və Azərbaycanda rusdilli təhsil müəssisələri Assosiyasıyanın sədri, Azərbaycanda Rusiya İcmasının sədr müavini Lyubov Timofeyevna Yakunina iştirak ediblər.

Açılış nitqi ilə ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb. O, Azərbaycanla Rusiya arasında olan mədəni-humanitar sahədə əlaqələrin möhkəmlənməsinə təsir edən belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusilə vurğulayıb.

“Rusiyaşünaslıq Mərkəzi” ETL-nın müdiri, professor Məmməd Əliyev çıxış edərək, universitetdə artıq ikinci dəfə keçirilən Maslenitsa bayramı münasibəti ilə qonaqları və professor-müəllim heyətini salamlamaqdan məmnun olduğunu bildirib. O, qeyd edib ki “Rusiyaşünaslıq Mərkəzi” ETL az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Rusiya və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verib.

Daha sonra Azərbaycanda Rusiya Federasiya səfirliyinin müşaviri S. L.Stepanov çıxış edərək “Rusiyaşünaslıq Mərkəzi” ETL-nin rolunu Rusiya və Azərbaycan ali təhsil müəssisələri və elmi təşkilatları arasında qarşılıqlı əlaqələrin platforması kimi qiymətləndirib.

A.İ.Kalamin Bakıda RİMM-i və “Rusiyaşünaslıq Mərkəzi” ETL əməkdaşlığını gənc nəslin, eləcə də ADU tələbələri ilə rus gəncləri arasında əməkdaşlıq əlaqələrinin vacibliyini qeyd edib.

L.T.Yakunina tədbirin keçirilməsinə görə öz minnətdarlığını bildirib və ADU-nun tələbələrinin 2019-ci illin iyun ayinda keçiriləcək RİMM-nin ənənəvi “Puşkiniada” layihələrində iştirak etmək təşəbbüsünü irəli sürüb.

Tədbir ADU-nun “Beynəlxalq Münasibətlər və İdarəetmə” fakültəsinin tələbələrinin hazırladıqları mədəniyyət proqramı və Rusiyanın ənənəvi Maslenitsa bayramının şirniyyatlarının nümayişi ilə başa çatıb.