"Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri genişlənməkdədir" – Fialə Abdullayeva yazır
Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri genişlənməkdədir. Hazırda universitetdə 96 xarici tələbə təhsil alır və 16 xarici müəllim çalışır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təhsil qrantı çərçivəsində universitetimizdə bir namizəd - San Tome və Prinsipe Demokratik Respublikasından bir nəfər Essex qrupunda təhsil alır. Universitetimizdə təhsil alan xarici ölkə vətəndaşlarının coğrafiyası genişdir. Son 5 il ərzində ADU-da İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Polşa, Koreya, ABŞ, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Avstriya, Qazaxıstan, Özbəkistan, Braziliya, Türkmənistan vətəndaşları təhsil almaq imkanı qazanıblar ki, onlar hazırlıq, dil kursları, köçürülmə, proqramla gələn tələbələrdir. ADU-da bir neçə illərdir ki, ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlığın nəticəsi olaraq dil üzrə təqaüd qazanmış ABŞ tələbələri Azərbaycan və türk dillərini öyrənirlər.
Beynəlxalq layihələr həm müxtəlif universitetlərlə ikitərəfli əməkdaşlıq, həm də Avropa İttifaqının Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilir. Mübadilə proqramı təkcə tələbələr üçün deyil, eyni zamanda müəllim və inzibati işçilərə də aiddir. 2018-2019-cu tədris illərində 7 nəfər əməkdaşımız Türkiyənin Hacıttəpə Universitetində ezamiyyətdə olub. 4 nəfər Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universitetindən ezamiyyətdən qayıdıb. İl ərzində Çonbuk Universitetinə 14 nəfər, Milan Universitetinə 3 nəfər, Çinin müxtəlif universitetlərinə 10, Macarıstana 2, İndoneziyaya 11 nəfər, Türkiyənin Cümhuriyyət Universitetinə 3, İspaniyanın Kadiz Universitetinə 2 tələbəmiz göndərilib. ADU tələbələrinin başqa ölkələrdə təhsil alması əsasən ERASMUS+ və Türkiyənin Mövlanə beynəlxalq mübadilə proqramları vasitəsilə ilə həyata keçirilir. Bundan əlavə, İngiltərənin Esseks Universiteti ilə ikili diplom layihəsi və Fransanın Strasburq Universiteti ilə delokalizasiya proqramı mövcuddur. Bu il sözü gedən proqramlara iki tələbəmiz qatılmışdır.
Erasmus+ layihəsi çərçivəsində ADU Rumıniyanın Suceava, Lucian Blaga və Piteşti, İtaliyanın Ka Foskari universitetləri ilə memorandum və tələbə mübadiləsi müqaviləsini bağlamışdır. Eyni zamanda Türkiyənin Mevlana dəyişim proqramı çərçivəsində Ankara, Alanya, Hacettepe universitetləri ilə müqavilələr imzalanmışdır. Həmçinin Çexiyanın Beynəlxalq Əlaqələr Kolleci və Polşanın Konin şəhərində Tətbiqi Elmlər üzrə Dövlət Universiteti ilə də anlaşma memorandumu imzalanmışdır. Bununla yanaşı, Bakı Mühəndislik Universiteti və İlahiyyət İnstitutu ilə universitetlərarası saziş imzalanmışdır.
Hal-hazırda Universitetdə 18 mərkəz, xarici ölkələrdə isə 4 mərkəz (İndoneziyada, Çində, Rusiyada, Serbiyada) fəaliyyət göstərir. Mərkəzlər səfirliklərlə əməkdaşlıq edir, birgə tədbirlər keçirir, səfir saatlarını təşkil edir və səfirliklərin təşkil etdiyi tədbirlərdə aktiv iştirak edirlər. Mərkəzlərimiz sırasına Serb dili və mədəniyyəti mərkəzi də qatılmışdır. Bu il ərzində Amerika Birləşmiş Ştatlarının səfiri və müvəqqəti işlər vəkili, İtaliyanın, İsrailin, Belçika Krallığının, Meksika Birləşmiş Ştatlarının, Rusiya Federasiyası, Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov, Fələstin, Peru, Almaniya, Rumıniya, İndoneziya Respublikasının, Hindistanın Azərbaycandakı səfirləri, o cümlədən İspaniyanın və Venesuelanın müvəqqəti işlər vəkili və digərlərin iştirakı ilə səfir saatları təşkil olunmuşdur. Mərkəzlər özləri natiqlik müsabiqələrini təşkil edir, eyni zamanda digər qurumlarda keçirilən müsabiqələrdə iştirak edir. Mərkəzlər kino festivalı, mədəniyyət nümunələrinin təqdimatı, o cümlədən Azərbaycanda təşkil olunan Film Festivalı, təmsil etdikləri ölkələrin tarixi üzrə elmi seminarlar, dəyirmi masalar keçirmişdir. Mərkəzlərin uğurlu fəaliyyəti nəticəsində tələbələrimiz Norveçin Oslo, Aqder, Berqen, Koreyanın Chonbuk və Hankuk Universitetlərində, Çinin və İndoneziyanın müxtəlif əməkdaşlıq təqaüd proqramları çərçivəsində bir semestrlik bakalavr və ya tam magistr təhsili almaq, eləcə də yay kurslarında iştirak etmək üçün imkan qazanıblar.
Mərkəz əməkdaşları universitetimizi müxtəlif regional və beynəlxalq elmi konfranslarda yüksək səviyyədə təmsil edir.
Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri: Filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva