XƏBƏRLƏR

ADU-da “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib

28 fevral, 2019

Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Nəsimi ilə bağlı fikirlərin, münasibətlərin dərin ənginliklərə, sonsuz düşüncə meydanlarına apardığını deyib: “Cənab Prezidentin məhz “Nəsimi ili” elan etməsinin böyük hikməti var. Hikmətin bir tərəfi də onunla bağlıdır ki, o, xalqın, ictimaiyyətin canında, qanında, potensialında olan intellektual nöqtələri dərinləşdirməyə çalışır. Bu, çox vacib məsələdir. İnanıram ki, il ərzində biz Nəsimiyə bu və ya digər rakursdan baxa-baxa özümüz zənginləşəcəyik, öz klassikimizin, söz dühamızın hansı fəlsəfi və bədii qaynaqlara getdiyini özümüz üçün araşdıracağıq”.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov Nəsiminin hürufilik fəlsəfəsi ilə bağlı əsas qayəsi, Mövlanə Cəlaləddin Rumi ilə Nəsiminin ideya, bədii estetik baxımdan əlaqələri haqqında danışıb.

Azərbaycanşünaslıq ETL-nin baş elmi işçisi professor Niyazi Mehdi “Nəsimi şeirləri və mistik filosofemlər” mövzusunda çıxış edərək Nəsimi ideyalarının təhlilini aparıb.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.