Ağdam məktəbində "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib
Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib.
Təqdimatda həmin məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin metodist və tələbələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə pedaqoji təcrübənin metodisti Mirsadiq Cəfərov açaraq "Multikulturalizm nədir və onun ictimai həyatımızda nə kimi rolu vardır?" mövzusunda çıxış edib.
Daha sonra təcrübəçi tələbə Kərimli Əzizə "Azərbaycan multikulturalizminin qaynaqları" kitabından bəhs edib və "Kitabi-Dədə Qorqud" dastanından başlayaraq, bir sıra klassik Azərbaycan şairlərinin əsərlərində multikultural və tolerant dəyərlər mövzusu əsasında müzakirə başlayıb.
Tədbirin sonunda məktəb şagirdləri kitabdan bir sıra şeir nümunələri ilə çıxış ediblər. Məktəb rəhbərliyi bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.