XƏBƏRLƏR

ADU tələbələri Cocuq Mərcanlıda Xocalıya həsr olunan tədbir keçiriblər

27 fevral, 2019

Fevralın 26-da ADU-nun Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində pedaqoji təcrübədə olan tələbələri məktəb kollektivi ilə xalqımızın qan yaddaşı olan Xocalı faciəsini anım tədbiri təşkil ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Zamin Həziyev erməni vəhşiliklərin ən baris nümunəsi olan Xocalı faciəsinin bizi daha da birləşdirməli, əzmli və qorxmaz olmağa, qisas hissi ilə alışıb yanmağa çağırmalı olduğunu qeyd edib.

Tədbirdə aşağı sinif şagirdlərinin hazırladığı, Xocalıya həsr edilən kompozisiyalara tamaşa edilib, Xocalı faciəsi haqqında “Sonsuz dəhliz” filmi izlənilib.

Çıxış edən təcrübə rəhbəri Anar Rəhimov bu faciənin gələcəkdə bir daha təkrarlanmaması üçün Xocalı faciəsinin, onun qurbanlarının daimi xatırlanmalı və günahkarların cəzalanmalı olduğunu vurğulayıb.

Daha sonra ADU-nun pedaqoji təcrübə keçən tələbələri Toğrul Cahangirovun, Nicat Aşurovun, Aysel Salmanovanın, Gövhər Cəfərlinin hazırladığı “Xocalı faciəsi dünya mətbuatının gözündə”, “Dünya tarixində soyqırımlar”, “Xocalı niyə baş verdi?” kimi çıxışlar dinlənilib.