XƏBƏRLƏR

“Cəzasız cinayət” filmi Azərbaycan Dillər Universitetində nümayiş olunub

27 fevral, 2019

Azərbaycan Dillər Universitetində Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu “Cəzasız cinayət” adlı sənədli filmin nümayişi olub.

Elmi-siyasi faktlara əsaslanan sənədli filmdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filmdə əsir və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımın təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT–nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərək qeyd ediblər ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.

“Cəzasız cinayət” sənədli ekran əsərinin nümayişindən sonra filmin ssenari müəllifi, rejissor və prodüsseri Leyla Rəşid müəllim-tələbə heyətini salamlayaraq tədbirin təşkilatçılarına təşəkkür edib. Bildirib ki, filmi çəkməkdə və nümayiş etdirməkdə məqsəd xalqımızın tarixində olan bu qanlı hadisəni unutdurmamaq və gənc nəslə çatdırmaqdır. Filmdə yer alan bütün informasiyalar fakt və mənbələrə, Xocalı soyqırımının canlı şahidlərinə,  hadisəni öz gözləri ilə görüb qələmə alan jurnalistlərin müsahibələrinə, həmçinin alimlərin, araşdırmaçıların fikirlərinə əsaslanır. Müəllif çıxışının sonunda bu filmin dünyanın aparıcı dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətli olacağını qeyd edib.