XƏBƏRLƏR

ADU tələbələri Ağdam məktəbində Xocalıya həsr olunan tədbir keçiriblər

27 fevral, 2019

Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 47 saylı köçkün tam orta məktəbində məktəbin şagird-müəllim kollektivi ilə birlikdə qan yaddaşımız olan Xocalı soyqırımı günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi və həmin məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin müəllim tələbə heyəti öz ürək sözlərini deyiblər. Belə ki, təcrübəçi tələbələrimizdən olan Cabbarova Mehin və Məmmədova Güllər Xocalı hadisəsini əks etdirən öz təsirli çıxışları ilə yadda qalıblar. Daha sonra məktəbin şagirdləri faciədən bəhs edən şeirlər və səhnəciklər göstəriblər.

Tədbirin sonunda bir daha bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-ci motoatıcı alayının iştirakı ilə birlikdə Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırımı hadisəsi həyata keçirib.

Sonda nikbin notlara köklənən tədbir iştirakçıları Milli Ordumuzun köməyilə erməni cəlladlarından qisasını alacaqlarını və tezliklə doğma torpaqlarımıza qayıdacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.