XƏBƏRLƏR

Kitabxanada Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

26 fevral, 2019

Fevral ayının 26-da ADU-nun kitabxanasının Oxu zalında pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərova və təhsil fakültəsinin 211və 211qrup  tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Kitabxananın müdiri Nuranə Qafarova, şöbə müdiri f.f.d., Zümrüd Qasımova, bölmə müdiri Güllüzar Məmmədova, Pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərova çıxış edərək söyləyiblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər.

Şəhər yerlə-yeksan edildi, Xocalının yüzlərlə sakini güllələndi, əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar, düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar. Xocalı şəhərində erməni vandalları tərəfindən törədilmiş cinayətlər nəinki burada görənləri sarsıtmışdı, eləcə də bu əməllər barədə eşidənləri belə dəhşətə gətirir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən Nuranə Qafarova bununla dünya ictimaiyyətinin Xocalı soyqırımı və erməni vəhşilikləri haqqında əsl həqiqətləri biləcəyini və bununla bağlı öz kəskin mövqelərini bildirəcəklərini vurğulayıb.

Tələbələr Zivər Niyazova, Zeynəb Verdiyeva və Nərgiz Humaylı də öz növbəsində Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlərin həyata keçirildiyini söyləyiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğının amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu deyən tələbələr ölkəmizin ərazi bütövlüyünün hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmizlə bərpa ediləcəyinə inamlarını və bu faciənin təbliği istiqamətində əzmlə çalışacaqlarını bildiriblər.

Sonda erməni vandallarının Azərbaycanın qədim yaşayış məntəqəsi olan Xocalı şəhərində həyata keçirdikləri soyqırıma dair kitablar, fotoşəkillər və dövri mətbuat materialları ilə bağlı sərgilərlə tanış olublar.