XƏBƏRLƏR

Pedaqogika kafedrasında “Xocalı soyqırımı - insanlıq əleyhinə cinayət” tədbir keçirilib

25 fevral, 2019

ADU-nun Pedaqogika kafedrasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - insanlıq əleyhinə cinayət” mövzusunda dəyirmi masa keçirilib.

Faciə qurbanlarının xatirəsi yad edildikdən sonra kafedranın müdiri dosent Nigar Zeynalova Xocalı faciəsini Ermənistanın Azərbaycana qarşı apardığı  məqsədyönlü soyqırım siyasətinin davamı kimi qiymətləndirib. O, Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi qəbul olunduğunu vurğulayıb. N.Zeynalova bu faciənin xalqımız üçün insan tələfatı ilə yanaşı, mədəni və tarixi  abidələrin məhv edilməsi ilə nəticələndiyini bildirib. O, həmçinin qeyd edib ki, erməni separatçılarının millətimizə qarşı törətdikləri vəhşiliklərin, ağlasığmaz və qeyri-insani qəddarlıqların unudulmaması üçün gənc nəsildə vətənpərvərlik hissinin gücləndirilməsi pedaqoji kadr hazırlığında ana xətt kimi keçməlidir.

Dosent Oqtay Abbasov Xocalıda xalqımıza və insanlığa qarşı törədilmiş cinayətləri qətiyyətlə pisləyərək, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Kafedranın dosenti Jalə Mustafayeva igid əsgərlərimizin Xocalı şəhidlərinin intiqamını aldıqlarını, qətliamda iştirak edən erməni cəlladlarının məhv olunduğunu vurğulayıb, gənclərimizə qələbə ruhu aşılamağın vacibliyini qeyd edib.

Kafedranın müəllimi Şəfiqə Tahirova Xocalıda şəhid olan, itkin düşən soydaşlarımız haqqında  məlumat verib, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası nəticəsində bir sıra ölkələrin Xocalı faciəsini soyqırım kimi tanıdıqlarını diqqətə çatdırıb.

Kafedranın müəllimi Arzu Baxşəliyeva həmin dövrdə Ağdam şəhərinə pənah gətirən əliyalın, köməksiz Xocalı sakinlərinin acınacaqlı vəziyyəti haqqında xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımının dünya səviyyəsində tanınması ilə bağlı dövlətimizin təqdirəlayiq fəaliyyətini xüsusi vurğulayıblar.