XƏBƏRLƏR

ADU mətbuat xidmətinin ittihamlara geniş cavabı – MÜSAHİBƏ

23 fevral, 2019

Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Yeni Müsavat” qəzetinin jurnalisti Sevinc Telmanqızının suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- ADU-dan narazı olan iki xanım müəllimənin “Yeni Müsavat” da daxil olmaqla, bir çox media orqanlarına verdikləri açıqlamalarda, müsahibələrdə əsas ton ondan ibarətdir ki, rektor Kamal Abdulla onlara qarşı haqsızlıq edib, universitetdə qohumlarına, dostununun qızına şərait yaradıb. Öncə bu iddialarla bağlı münasibətinizi öyrənmək istədik.

- Azərbaycan Dillər Universitetinin işdən çıxarılan dekanı Vüsalə Elxan qızı Ağabəyli təkcə sözügedən təhsil müəssisəsinin rektoru ilə bağlı deyil, burada çalışan ayrı-ayrı şəxslərlə də bağlı kampaniyalar aparır. Davamlı olaraq mediada şər-böhtan xarakterli yazılar yayımlayan Vüsalə Ağabəyli son olaraq Musavat.com-a müsahibəsində bir daha Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanı öz dostunun qızına etimad göstərib, irəli çəkməkdə ittiham edib. Vüsalə Ağabəyli “dostunun qızı” ifadəsini çox tez-tez işlədir. Və maraqlıdır, heç bir jurnalist soruşmur ki, Nərgiz Qurbanlı Kamal Abdullanın hansı dostunun qızıdır? Vüsalə Ağabəyli yazılarında, müsahibələrində elə danışır ki, sanki Kamal Abdulla bu gün də Nərgiz Qurbanlının atası ilə çox möhkəm dostdur. Təəssüf ki, Vüsalə Ağabəyli ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycan elmi və mədəniyyəti üçün dəyər olan insanın adını hallandırmaqla, onun xatirəsinə hörmətsizlik edir. Hər kəs, o cümlədən Vüsalə Ağabəyli də məlumatlı olsun ki, Nərgiz Qurbanlı Azərbaycanın görkəmli tərcüməçi-alimi, jurnalisti, ziyalısı Çərkəz Qurbanlının qızıdır. Deməli, Çərkəz Qurbanlı bütün filoloqların, jurnalistlərin, alimlərin mənəvi dostu, mənəvi atasıdır. Çərkəz Qurbanlı 1966-cı ildən 2014-cü ilə qədər – az qala 50 il - Azərbaycan Dillər Universitetində müəllim, kafedra müdiri, dekan, prorektor kimi müxtəlif vəzifələrdə çalışıb və bu təhsil ocağının inkişafında rol oynayan şəxslərdən biri olub. Çərkəz Qurbanlı “Əli və Nino” romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib, Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatına layiq görülüb. Çərkəz Qurbanlı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin alman dili üzrə tərcüməçisi olub. Nərgiz Qurbanlının qardaşı Elçin Qurbanlı 1994-cü ildə Qarabağda Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub.

Nərgiz Qurbanlı orta təhsilini Bakıda, sonra isə Türkiyədə alıb. Qazi Anadolu Liseyini bitirdikdən sonra Ankara Universitetinin İletişim fakültəsinə (Jurnalistika) qəbul olub. Daha sonra təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində davam etdirib. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr səviyyəsini bitirib. 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsində ingilis dili ixtisası üzrə əlavə təhsil alıb və 2007-ci ildən etibarən ADU-da fəaliyyətə başlayıb. 2014-cü ildən ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında jurnalistika ixtisası üzrə müəllim kimi çalışır. Elə həmin il ADU-nun doktorantı olub. Hazırda Azərbaycan Dillər Universitetində ictimai əsaslarla Virtual jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır. Nərgiz Qurbanlının bioqrafiyasına nəzər salanda onun 2014-cü ildən ADU-da fəaliyyətə başladığı məlum olur. Bu fakt göstərir ki, Kamal Abdullanın öz dostunun qızını irəli çəkməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Bildiyimiz kimi Kamal Abdulla ADU-ya 2017-ci ildə rektor təyin edilib. İndi gəlin özümüzə sual verək: Türkiyədə ali məktəbə daxil olan, BDU-da magistr təhsilini başa vuran, ADU-da ingilis dili ixtisasına yiyələnən və ADU-nun doktoranturasını bitirən Nərgiz Qurbanlının ictimai əsaslarla virtual bir kafedraya rəhbərlik etməsi nə zamandan xüsusi imtiyaz hesab olunur? Deməli, Vüsalə Ağabəyli onun adını qəsdən, qərəzli şəkildə hallandırır, özünə bəraət qazanacağını düşünür.

Xatırlayırsınızsa, bir müddət əvvəl universitetdə payız semestrinin imtahan sessiyasına həsr edilən mediatur təşkil olunmuşdu. Həmin tədbirdə jurnalistlərin suallarına cavab verən rektor bildirmişdi ki, mənim universitetdə bir qohumum işləyir: professor Azad Məmmədov. Elmi mühitdə, dilçilik sahəsində onu tanımayan insan yoxdur. Azad Məmmədov kafedra müdiridir. Dünyaca məşhur Umberto Ekonun, müasir dilçiliyin atası hesab edilən Noam Xomskinin əsərini Azərbaycan dilinə tərcümə edib. Azad Məmmədov 20 ildən çoxdur ki, ADU-da çalışır. Rektorun ikinci bir qohumunun burada işlədiyini kimsə deyə bilməz. Nəzərinizə çatdıraq ki, Kamal Abdullanın da ilk iş yerlərindən biri ADU olub, uzun illər burada kafedra müdiri vəzifəsində çalışıb. Deməli, ADU-da onun dostlarının olması normaldır. 2 il öncə ADU-da baş verən gərginliyi aradan qaldırmaq üçün də rektorun tanıdığı insanlarla işləməsi normal idarəçilik prinsiplərinə söykənir. Əlbəttə, bu gərginlik aradan qalxdı. Hazırda “qalmaqallar” yaradanlar iki il əvvəl ciddi gərginlik yaradan, tələbələri aksiyaya təhrik edən şəxslər idi. Bu barədə musavat.com saytı reportaj hazırlayıb, bu xanım dekan da həmin reportajda tələbələrin haqsız yerə etiraz etdiklərini bildirir, orada toplaşan tələbələri savadsız adlandırırdı. Beləliklə də tələbələri yola gətirmək əvəzinə, onları daha da qızışdırırdı. Hansı məntiqə sığır ki, bu adamlar hazırda universitetin professor-müəllim və tələbə heyətini savadsızlıqda ittiham edirlər.

- Dekan vəzifəsindən çıxarılan Vüsalə Ağabəyli iddia edir ki, Nərgiz Qurbanlının keçirdiyi açıq dərsdə ingilis dilini yaxşı bilmədiyini dediyi və bunu qüsur kimi qabartdığı üçün onu cəzalandırmısız. Açıq dərsi müşahidə edən dekanın iradlarına görə vəzifədən çıxarılması doğrudurmu?

- Universitetdə bir neçə ay öncə açıq dərslərin təşkili ilə bağlı əmr imzalanıb. Vüsalə Ağabəyli də fakültə üzrə təşkil edilən həmin açıq dərslərin komissiya sədri olub. Qayda bundan ibarətdir ki, komissiya üzvləri açıq dərsi sonacan, yəni 90 dəqiqə müşahidə etməli, qüsurlar qeyd edilməli, sonra isə müəllimin iştirakı ilə müzakirə olunmalıdır. Ancaq 90 dəqiqə davam edən açıq dərsdə 10 dəqiqə oturulub və dərsi tədris edən müəllimin iştirakı olmadan həmin dərsə qiymət verilib, iradlar sadəcə müəllimin nəzərinə çatdırılıb. Dərsin 90 dəqiqə yox, 10 dəqiqə müşahidə edilməsi, müəllimin iştirakı olmadan müzakirənin keçirilməsi bütün qaydalara ziddir və açıq dərsin nəticələrinin ləğvi üçün zəmin yaradıb. Müəllimlər, tələbələr tərəfindən komissiyanın fəaliyyəti barədə şikayət araşdırılıb, nəticələri ləğv edilərək, açıq dərslərin yenidən təşkili ilə bağlı əmr imzalanıb. Bütün bunlara və işdə yol verdiyi başqa nöqsanlara görə Vüsalə Ağabəyli vəzifəsindən azad olunub. Ümumilikdə isə Vüsalə Ağabəylinin işdən çıxarılma səbəbi aşağıdakılardır:

Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması üçün dekabrın 18-də komissiya yaradılıb.

Komissiya tərəfindən aparılmış müvafiq araşdırma zamanı qeyd olunan fakültədə tədris fəaliyyətinin gedişinə, tədris prosesi iştirakçılarının fəaliyyətinə və tədris sənədlərinin tərtibatına nəzarətdə və onların uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu, akademik qrup jurnallarının yarıtmaz vəziyyətdə aparıldığı, həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin fakültənin dekanı Vüsalə Ağabəyli tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub. Müraciətləri qanun çərçivəsində həllini tapmayan 31 tələbə universitetin rəhbərliyinə təkrar müraciət etmək məcburiyyətində qalıblar.

Bundan əlavə Vüsalə Ağabəyli tutduğu dekan vəzifəsindən istifadə edərək onun səlahiyyətlərinə aid olmadığı halda 10 tələbəyə yazılmış qaiblərın nəzərə alınmasına dair qanuna zidd qərarlar qəbul etməklə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozub. Bununla da filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli əmək funksiyasının, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməsi zamanı səhlənkarlıq, etinasız və qanunazidd hərəkətləri nəticəsində əmək və icra intizamının normal ahəngini kobud şəkildə pozub, o cümlədən tədris fəaliyyətinin gedişinə və tədris prosesi iştirakçılarının fəaliyyətinə ciddi xələl gətirib.

Həmçinin açıq dərslərin təşkili və obyektiv qiymətləndirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara, Rektoryanı Şurada etik davranış qaydalarını pozduğuna və universitetin əməkdaşlarına şər və böhtan atdığına görə Vüsalə Ağabəyliyə 17.12.2018-ci il tarixdə töhmət verilib.

Araşdırma zamanı komissiyanın tədris sənədləri ilə işin vəziyyəti haqqında yekun rəyinə əsasən fakültənin dekanı Vüsalə Ağabəyli vəzifəli şəxs kimi işinə səhlənkar münasibət bəsləyərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına, ona aid olmayan vəzifələrin həlli ilə əlaqədar qərarlar qəbul etdiyinə, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərini pozaraq tələbələrin ona ünvanladıqları ərizələrin mahiyyəti üzrə baxılmasını təmin etmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin zəruriliyi bildirilmiş və qeyd olunan fakültədə vəziyyətin köklü şəkildə yaxşılaşdırılması istiqamətində təsirli addımların atılması və müvafiq kadr dəyişikliklərinin aparılması tövsiyə edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini rəhbər tutaraq və yuxarıda göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın yekun rəyinə, professor-müəllim heyətinin müraciətinə, Elmi Şura üzvlərinin müraciətlərinə, Tədris işləri üzrə prorektor və Tədris şöbəsinin müdirinin təqdimatına, əmək müqaviləsinə xitam verilməsi barədə HİK-in razılığına, davamiyyət jurnallarından çıxarışlara, tələbələrin rektora təkrar müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin baş müəllim vəzifəsində saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.

- Bizə müsahibəsində eks dekan, digər media orqanlarına müsahibəsində isə işdən çıxarılan digər müəllimə Pərvin Mürsəlova Kamal Abdullanın kollektivə qarşı çox kobud, etikadan kənar sözlərdən istifadə etdiyini, onların şəxsiyyətini alçaltdığını deyirlər. Hətta Pərvin Mürsəlova əlində bunu sübut edəcək səs yazılarının olduğunu da iddia edir.

- Pərvin Mürsəlova ötən ilin dekabr ayında Təhsil naziri cənab Ceyhun Bayramova məktub ünvanlayıb. Həmin məktubda Pərvin Mürsəlova imtahan müddətinin 2 saatdan 3 saata artırılmasını, imtahanlarda proqram və lüğətlərin olmasını, tələbələrə imtahan biletləri paylanana qədər fənn müəlliminin tələbələrə əlavə müəyyən istiqamətlər verməsini (baxmayaraq ki, imtahanlardan öncə konsultasiyalar keçirilir) təhsil, tədris adına cinayət hesab edir. İndi sualımız təhsil ekspertlərindədir: sizcə, bu məsələləri təhsil adına cinayət, yoxsa islahat hesab etmək olar? Hörmətli Sevinc xanım, sizdən bir xahişimiz var, “Yeni Müsavat”ın sabahkı sayında təhsil ekspertlərindən bu haqda fikir öyrənin. Əminik ki, onlar da Kamal Abdullanın tələbələrin xeyrinə yönələn bu təşəbbüslərin nə qədər faydalı, əsaslı addımlar olduğunu təsdiq edəcəklər. O ki qaldı, etika barədə sualınıza, Kamal Abdulla Azərbaycanın görkəmli alimi, yazıçısı, ziyalısıdır. Əsərləri dünyanın 19 dilinə tərcümə olunub. On beş il Bakı Slavyan Universitetinin rektoru olub. Onun rektorluğu dövrü haqqında əfsanələr bu gün də dildən-dilə dolaşmaqdadır. O, ADU-ya gəldiyi ilk gündən tələbə və müəllimlərin böyük sevgisini qazanıb. Universitetdəki neqativ halların aradan qaldırılması üçün çox ciddi addımlar atıb. Azərbaycan dövlətinin müşaviri olmuş, ömrünü elm və mədəniyyətə həsr edən insana kobud, etikadan uzaq ittihamı irəli sürmək heç bir mənəvi əxlaqa sığmır. Təəssüf ki, Pərvin Mürsəlova bunu özünə sığışdırır.

Başqa bir məsələni də sizin diqqətinizə çatdırmaq istərdik. Pərvin Mürsəlova və onun yaxın ətrafı sosial şəbəkələrdə universitetin tələbələrini ADU rəhbərliyinə qarşı etirazlara səsləyib və professor-müəllim heyətini “qoyun sürüsü” ifadələri ilə təhqirlər edib. Hətta bu hərəkətlərin usanmayan Mürsəlova dərs keçdiyi bir qrup tələbəni iğtişaşlara təhrik edib. Bundan sonra tələbələr Mürsəlova tərəfindən etirazlara cəlb edildikləri ilə bağlı ərizə ilə müraciət edib. Bu xanım sonra universitet rəhbərliyinə müraciət edən tələbələrə zəng vuraraq ərizələrini geri götürmələri üçün tələbələri təhdid edib. Bununla bağlı tələbələr rəhbərliyə təkrar ərizə ilə müraciət edib. Öncə tələbələri iğtişaşlara cəlb edir, daha sonra onları təhdid edir. İndi də “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir. Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir. Halbuki, işdən əsaslı şəkildə uzaqlaşdırılan bu xanımla bir dəfə də olsun heç bir universitet rəsmisi əlaqə saxlamayıb, dolayı yollarla olsa da, ona hansısa mesajlar ötürməyib. Pərvin Mürsəlovanın bu bəyanatı ondan xəbər verir ki, o, ölkədən qaçmaq, xaricdə sığınacaq almaq niyyətindədir. Çünki sığınacaq almaq üçün müraciət edildikdə, həmin şəxsin və yaxınlarının təhlükəsizliyinə problem yaradılması, o cümlədən təqib olunması ilə bağlı fakt və sübutlar tələb edilir. Halbuki, bu cür fakt və sübutlardan söhbət belə gedə bilməz.

Pərvin Mürsəlova şər və böhtan xarakterli çıxışları ilə sadəcə çirkin niyyətini əyani şəkildə təcəssüm etdirir. Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən, universitetin nüfuzuna xələl gətirən şər və böhtan xarakterli yazılar barəsində bundan sonra hüquqi müstəvidə ölçü götürüləcək, məhkəməyə müraciət ediləcək.

Sual yaranır, bu qədər ittiham səsləndirən Pərvin Mürsəlova və Vüsalə Ağabəyli nə üçün bu günə qədər məhkəməyə müraciət etmək istəmir? Demək ki, bu ittihamların da heç bir əsası yoxdur. Sadəcə, onları məhkəmə zamanı ortaya çıxacaq başqa məsələlər yəqin ki, qorxudur.

Keçək indi də həmin xanımların “səs yazısı var” deyərək, fərqli ittihamlar səsləndirmələrinə. Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. “Səs yazısı” da səs yazısı ola. 15 adamın iştirakı ilə keçirilən etika komissiyasının iclasında iddiası ilə bağlı heç bir suala cavab verə bilməyən Pərvin xanıma qarşı “şəxsiyyətsiz” sözü işlədilib. Deməli, o başqasına əsassız şəkildə “əxlaqsız” deyə bilər, ona “şəxsiyyətsiz” demək olmaz?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddə var. Belə ki, Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, həmçinin qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Dekanı işdən çıxarmanızı onun işində çoxsaylı qüsurlarla əlaqələndirmisiz və bunu sənədlərlə təqdim edirsiz. O zaman avtomatik sual yaranır ki, əgər Vüsalə Ağabəylinin işində qüsur var idisə, niyə o, etiraz çıxışı edənə qədər üzə çıxmırdı, amma sonradan üzə çıxdı? Niyə zamanında dekanlıqdan azad etmirdiz?

- Sizin dediyinizdən belə çıxır ki, əvvəlcə Vüsalə Ağabəyli nəyəsə etiraz edib, buna görə də işdən çıxarılıb. Halbuki işində yol verdiyi ciddi nöqsana görə ona töhmət elan olunandan sonra Təhsil Nazirliyinə şikayət yazıb və bu şikayətini ictimailəşdirib. Universitet bu şikayəti müzakirə etməli idi və edib. Məsələ onun etiraz çıxışı etməsində deyil. Məsələ Vüsalə Ağabəylinin təhsil qaydalarını kobud şəkildə pozması, işinin öhdəsindən gələ bilməməsindədir. İnsanın öz səriştəsini, yaxud səriştəsizliyini göstərməsi üçün isə zamana ehtiyac var. Kamal Abdulla humanistlik göstərərək ona zaman tanıyıb. Zaman isə Vüsalə Ağabəylinin xeyrinə işləməyib. Bir müddət əvvəl də Vüsalə Ağabəyliyə xəbərdarlıq edilib ki, işinin öhdəsindən gələ bilməsə, vəzifəsindən azad olunacaq. O isə bu irada göz yaşları ilə cavab verib. Göz yaşı tökərək yalvar-yaxar edən adamın indi Janna Dark qəhrəmanlığını, Mikayıl Müşfiq nakamlığını imitasiya etməsi, sadəcə, acı təbəssüm doğurur.

- Universitet işçilərinin onun əleyhinə imza atması, bəzi media orqanlarına tələbələr, müəllimlərin müdafiə edən yazıları kampaniyaçılığa bənzəmirmi? Bütün bunlar rektorun iradəsinin xaricində, işçilərin, tələbələrin, tanınmışların öz təşəbbüsü ilə baş verib, yoxsa...?

- Azərbaycan Dillər Universitetində kifayət qədər ciddi alimlər, ziyalılar, aydınlar çalışır. Siz doğrudanmı hesab edirsiniz ki, belə nüfuzlu insanları yazı yazmağa, kimisə tərifləməyə təhrik etmək olar? Bir də ki, özlərini müdafiə edirlər, onlara qarşı deyilən böhtanlara cavab verirlər.

- Diqqət çəkən məqamlardan biri də dekan seçiləndə Vüsalə Ağabəylinin elmi adının olmamasıdır. Bu, ona qarşı iddiaların içində də yer alıb. Qarşı tərəf də iddia edir ki, dekan seçiləndə Bənövşə Məmmədovanın da elmi adı olmayıb. Prorektor Sərraf Hüseynovun nə elmi dərəcəsi, nə də elmi adının olduğu qeyd edilir. Bundan başqa, magistratura şöbəsini müdiri Firuzə adlı xanım da təyin ediləndə elmi adı olmayıb. Tədris departamentinin müdiri Şəfəq xanımın da elmi adı, elmi dərəcəsi olmadığı deyilir. Bu iddialarla bağlı münasibətiniz necədir?

- Əvəlla, Sərraf Hüseynov prorektor deyil, bu vəzifəni icra edəndir. Firuzə Rzayeva, Şəfəq Şahməmmədova şöbə müdiridir. Şöbə müdiri olmaq üçün isə elmi dərəcə lazım deyil. Bunun üçün magistratura təhsili bəs edir. Ən vacib məqam isə budur ki, Vüsalə Ağabəylinin işdən çıxarılmasının səbəbi onun dekan seçilərkən elmi adının olması deyil. Bu, tamam başqa söhbətin mövzusudur. Əmrdə onun hansı səbəblərdən işdən çıxarılması əsaslı şəkildə qeyd olunub. Bu barədə yuxarıda məlumat verdik.

- Hər universitet daxilində bu sayaq problemlər yarana bilər, iş olan yerdə intriqa da olur. ADU-nun rektoru uzun illər rəhbərliklərdə təmsil olunmuş insandır. Bunu universitet daxilində həll etməkdənsə onun böyüməsinin qarşısını niyə almadı?

- Məsələnin siz dediyiniz şəkildə böyüdülməsinin səbəbkarı adı çəkilən şəxslərdir. Təhsil Nazirliyinə və başqa yüksək dövlət qurumlarına şikayət məktubu göndərən bu şəxslər həmin məktubları mətbuatda dərc etdiriblər. “Facebook”da öz səhifələrindən və başqa saxta profillərdən universitetin kollektivinin əleyhinə şər-böhtan yağıdırıblar. Yalnız bundan sonra mətbuat xidməti bütün bu böhtanları cavablandırmaqla məşğul olub.

- Vüsalə Ağabəyli iddia edir ki, rektor ona “qoymayacam heç bir fəaliyyət göstərsin. Başına oyun açacam” şəklində xəbərlər göndərir. Eks dekan universitetdən xaric edilibmi? Yoxsa təkcə dekanlıq vəzifəsindən kənarlaşdırılıb?

- “Başın oyun açacam” ifadəsi, üslubu, mübarizə üsulu Kamal Abdullanın dünyagörüşünə, əxlaqına tamamilə ziddir. Əksinə, rektor ona universitetin elmi katibi olmağı təklif edib, bu xanım isə israrla dekan vəzifəsinə təkid edir. Sual olunur: onun hansı maraqları var? Vüsalə Ağabəyli dekan vəzifəsindən azad edilib, lakin işdən çıxarılmayıb. 0.5 ştat vahidi baş müəllim vəzifəsində qalıb. “Başına oyun açacam” isə sözü qurtaran aşığın “dalay-dalay”ına bənzəyir.

- Bu işdə məhkəmə perspektivi gözlənilirmi? Çünki qarşı tərəf hələ ki, məhkəməyə müraciət etməyib.

- Keçmiş dekanın və yaxın ətrafının ittiham etdiyi Azərbaycan Dillər Universiteti, professor-müəllim heyəti, Müdafiə Şurası, həmçinin tələbələr məhkəməyə müraciət etməyə hazırlaşır və bunu etməkdə qərarlıdır. Bilmək istəyirsinizsə, indiyədək bunun qarşısını məhz Kamal müəllim alırdı. İndi isə artıq belə olmayacaq.

Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti adından son olaraq bildirmək istəyirik ki, bu xanımların şər və böhtan xarakterli çıxışlarını dərc edən saytlar da onlar qədər məsuliyyət daşıyır. ADU-nun Mətbuat xidməti bu mövzuda yetərincə açıqlamalar yayımlayıb.

ADU-nun mətbuat xidmətinin zəruri əlavəsi:

 Bildiririk ki, müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılar davam edərsə, bununla bağlı tədbir görülməzsə, Elmi Şuranın qərarı ilə Mətbuat Şurasına və məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq. Bir neçə gün əvvəl keçirilən iclasda Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

 Qərar alınıb ki, Azərbaycan Dillər Universiteti həyata keçirdiyi islahatlar, kadr dəyişikliyi, tədris keyfiyyətinin daha təkmilləşməsi ilə bağlı atdığı addımları obyektiv işıqlandırmaq üçün öz qapılarını medianın üzünə açmağa bundan sonra da hazır olacaq. Mətbuat nümayəndələri bütün bunlarla bağlı universitetə gələ, onları maraqlandıran suallara cavab ala bilərlər. Əks təqdirdə böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək, əlbəttə ki, nəticə universitetin xeyrinə həll olunacaq və əldə olunan vəsait tələbələrə veriləcək.