XƏBƏRLƏR

Təhsil fakültəsi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

22 fevral, 2019

Təhsil fakültəsi Xocalı soyqırımının anım günü münasibətilə tədbir keçirib. Fakültənin dekanı professor Fikrət Cahangirov Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat verib. O, XIX əsrdən çar Rusiyasının dəstəyi ilə  torpaqlarımıza köçürülmüş ermənilərin xalqımıza qarşı törətdiyi qırğın siyasətinin məqsədli olduğunu vurğulayıb. F. Cahangirov dövlətimizin “Xocalıya ədalət” şüarı ilə bu faciəni dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər haqqında məlumat verib.

Rektorun məsləhətçisi, i e.f.d. Anar Osmanlı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətdə görülən işlər haqqında danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin xarici siyasətinin əsas xəttinin torpaqlarımızın düşmən işğalından azad edilməsi olduğunu vurğulayıb.

Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov keçmiş SSRİ rəhbərliyi tərəfindən xalqımıza qarşı ayrıseçkiliyə şərait yaradıldığını, Xocalı soyqırımının törədilməsində SSRİ-nin 366-cı motoatıcı alayının hərbi texnikası və zabit heyətinin iştirakını da diqqətə çatdırıb.

Xarici dillər kafedrasının müdiri, dos. Yasif  Mürşüdov ermənilərin torpaqlarımıza köçürülməsindən sonra Qərbi Azərbaycanda törətdikləri qırğınlardan və əzəli torpaqlarımız olan bugünkü Ermənistandan türk-müsəlman əhalisinin etnik təmizləməyə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil fakültəsinin tələbələri Alzaman Mehtili (qrup 114A), Seyidova Leyla (qrup 314A), Nurlan Tağıyev (qrup 113B) anım tədbirində “Xocalı soyqırımına həsr olunmuş şeir nümunələri söyləyiblər.