XƏBƏRLƏR

ADU-da Avropa dillərində dərs deyən müəllimlərlə mühüm görüş keçirilib

14 fevral, 2019

 Azərbaycan Dillər Universitetində ingilis, alman, fransız və başqa dillərdə dərs deyən müəllimlərlə tədris keyfiyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı geniştərkibli görüş keçirilib.

Universitetin rektoru akademik Kamal Abdulla ali təhsil ocağında müxtəlif istiqamətlərdə aparılan islahatlardan danışıb, qeyd olunan dillərin tədris keyfiyyətinin təkmilləşdirilməsi ilə bağlı atılan mühüm addımlara toxunub. Rektor qeyd edib ki, rus dili də daxil olmaqla, digər dillərin tədrisi həmin mədəniyyətlərin dərindən öyrənilməsi üçün yüksək ixtisaslı kadrlar yetişdirir, əsaslı baza hazırlayır:

“Bizim rus dili, Rusiya istiqamətində çalışmalarımız birinci növbədə ingilis, alman, fransız dili mütəxəssislərinin stajartırma coğrafiyasını genişləndirmək istiqamətində qurulub. Digər tərəfdən biz dərs dediyimiz zaman tələbələrə təkcə ixtisas və peşəni yox, onlara dövlətçilik, azərbaycançılıq hisslərini aşılayırıq. Bu, son dərəcə vacib məsələdir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında deyib ki, bu gün formalaşan gənc nəsildə dövlətçilik ideyalarının güclü olması vacibdir. Bu hisslərin aşılanmasında azərbaycançılığın, dövlətçilik ideyalarının təbliğinə ehtiyac var. Ona görə də bu istiqamətdə görülən işlər nəticə etibarı ilə ona gətirib çıxarır ki, həmin tələbələr öz müəllimlərinin nə qədər vacib şəxslər olduğuna bir daha inanır. Onlar anlayır ki, xarici dili, xarici mədəniyyəti öyrənmək nə qədər zəruridir. Yəni dövlətçiliyin inkişafı bu istiqamətin, bu istiqamətin inkişafı dövlətçiliyin inkişafına gətirib çıxarır. Bu, bir-biri ilə qırılmaz vəhdətdə olan cəhətlərdir”.

Kamal Abdulla əlavə edib ki, əvvəllər ingilis, fransız, alman dilləri ixtisası üzrə təhsil alanlara Azərbaycan dilində dərs keçirilirdi:

“İndi isə sizin kimi mütəxəssislərin yetişməsi, sizin kimi kadrların auditoriyada Avropa universitetlərinə layiq şəkildə dərs deməsi, dil və mədəni mühiti yarada bilməsi onu göstərir ki, inkişaf göz önündədir. Mən təsəvvür etmirəm ki, sizin kimi müəllimlərin dərs dediyi universitetdə dörd il oxuyan tələbə ingilis, yaxud digər dilləri bilməsin. Amma bunu deyənlər, görülən işə çamur atmaq istəyənlər var. Mən ilyarımdır universitetin rektoruyam. Bu müddətdə heç bir tələbənin dil biliyini istəsəm də əlindən ala bilməzdim. Əgər bu sahədə hər hansı problemlər varsa, deməli, onu deyənlərin günahıdır. Dünyanın ən qabaqcıl universitetlərində də eyni səviyyədə tələbəyə rast gəlmək mümkün deyil. Ona görə də biz heç bir sözə, heç bir böhtana, şərə fikir vermədən sizin fəaliyyətinizi uyğun və layiq tərzdə davam etdirmək, dərinləşdirmək niyyətindəyik. Bugünkü görüşümüzün məqsədi də budur: “Sizin fəaliyyətiniz üçün nə lazımdır?” sualına cavab axtaraq. Bu isə həm stajartırmalar, həm ezamiyyətlər, həm də konfranslarla bağlıdır”.

Ali təhsil ocağının rektoru universitetdə ingilis, alman, fransız, ispan və başqa dillərdə dərs deyən müəllimlər üçün hər bir şərait yaradılacağına əminliyini ifadə edib. Kamal Abdulla deyib ki, Azərbaycan Dillər Universitetində dərsin dili obyektin dili olmalıdır: “Bununla yanaşı professor müəllim heyətindən xahişim budur ki, onlar tədris etdiyi fənnin daxilində azərbaycançılığın, dövlətçiliyin təbliğinə öz köməkliklərini göstərsinlər, öz töhfələrini versinlər”.

Görüşdə iştirak edən professor-müəllim heyəti xarici dillərin daha geniş və praktik şəkildə keçirilməsi, dərslərin effektivliyinin artırılması, əlavə fənnlərin tədris proqramına daxil edilməsi və başqa məsələlərlə bağlı təkliflərini verib, müzakirələr aparıblar. Çıxış edənlər eyni zamanda bəzi şəxslərin müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universitetinin tələbələrinin təhsil aldığı ixtisas üzrə xarici dildə danışa bilməməsi ilə bağlı səslənən iddialara da münasibət bildiriblər. Onlar qeyd ediblər ki, bu iddialar böhtan xarakterlidir və onların əməyini gözdən salmaq deməkdir. Professor-müəllim heyəti bu cür qərəzli, heç bir faktlara əsaslanmayan fikirlərə qəti etirazlarını bildiriblər.

Azərbaycan Dillər Universitetin rektoru Kamal Abdulla kollektivə ünvanlanan şər və böhtanlara görə həmin şəxslərin müvafiq orqanlar qarşısında cavab verəcəyi məsələsini də istisna etməyib.

Rektor müəllimlərin səsləndirdiyi fikirlərin vaxtında və məqsədyönlü şəkildə yerinə yetirilməsi, texniki təminatın daha yüksək səviyyədə həyata keçirilməsi üçün universitetin əlaqədar şəxslərinə konkret tapşırıqlar verib:

“Bütün qaldırılan məsələlər öz həllini tapa bilən məsələlərdir. İngilis, alman, fransız, ispan və başqa dillərin tədrisi, təhsilin keyfiyyətini daha da yüksəldilməsi ilə bağlı bütün təkliflər mərhələ-mərhələ öz həllini mütləq şəkildə tapacaq. ”

Kamal Abdulla onu da əlavə edib ki, müxtəlif dilləri tədris edən professor-müəllim heyəti ilə görüşlər tematik olaraq mütəmadi xarakter daşıyacaq.