XƏBƏRLƏR

Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Hüseyn Cavidə həsr olunan seminar keçirilib

15 fevral, 2019

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş “Hüseyn Cavid – mənzum dramaturgiyanın banisi” adlı seminar keçirilib. Seminarda Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov və kafedranın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qaziyeva bildirib ki, seminar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən təşkil olunub.

M. Qaziyevanın sözlərinə görə, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. O, ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən M.Qaziyeva bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

Daha sonra seminarın aparıcısı fil.f.d. Aynur Məmmədzadə mütəfəkkirin həyat və yaradıcılığı haqqında danışıb və qeyd edib ki, Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır.

Kafedranın baş müəllimi Rəbiyyə Şamıyeva “Hüseyn Cavid yaradıcılığında qadın obrazı” mövzusunda çıxış edib.  O, qeyd edib ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığında qadın problemi, ailədə və cəmiyyətdə qadına münasibət, qadının yeri və rolu məsələsi mühüm yer tutur və bu təsadüfi deyil. “Qadın gülürsə, bu işsiz mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək”, “Mənim tanrım gözəllikdir, sevgidir”, deyən şairi Azərbaycan və ümumiyyətlə Şərq qadınının acı taleyi düşündürməyə bilməzdi. Demək olar ki, Cavidin elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunulmasın və bu məsələyə şair öz münasibətini bildirməsin. İyirmi iki pyes və yüzlərlə poema və şeirlərin yaradıcısı olan H.Cavidin əsərlərinin çoxu bilavasitə qadın adı ilə adlandırılıb.("Afət", "Maral", "Şeyda", "Şəhla" və s.) Qadın onun nəzərində yeni nəslin tərbiyəçisi, insanlığın anasıdır. O, yalnız öz övladlarının deyil, bütün millətin anasıdır. Öz çıxışının sonunda Rəbiyyə xanımın “Kor ərəbin mahnısı”nı canlı ifa etməsi seminarın yadda qalan anı oldu.

Növbəti çıxış üçün söz kafedranın dosenti Tofiq Quliyevə verilib. T.Quliyev Hüseyn Cavidin məhəbbət haqqında söylədiyi dəyərli fikirlərini dinləyicilərə çatdırıb. T.Quliyev qeyd edib ki, Cavid dünyası hikmətli söz və aforizmlərlə, şah beytlərindəki məna dərinlikləri ilə zəngin olan bəşəri dəyərlərdir.  Onun “Bənim tanrım gözəllikdir, sevgidir” kəlamları dillər əzbəridir. Cavid dünyanın, ömrün eşqsiz mümkün olmadığını vurğulayırdı.  Cavid deyirdi: “Beş gün ömrün neçə əfsanəsi var, eşqi var, badəsi, peymanəsi var.”

T.Quliyevin çıxışından sonra Hüseyn Cavid yaradıcılığı haqqında video çarx nümayiş olunub. Video çarxın sonunda  aktyor və qiraətçi Kamran Yunisin ifasında H.Cavidin “Eşq” şeirini dinlənilib.

Daha sonra, kafedranın baş müəllimi Gülnarə Məlikova Hüseyn Cavid yaradıcılığından tarixə düşən aforizmlər haqqında məlumat verib. Azərbaycanın görkəmli şairi, yazıçısı və dramaturqu Hüseyn Cavid Azərbaycan romantizm ədəbi cərəyanın nümayəndəsi milli romantik şeirin və mənzum faciənin banisidir. G.Məlikova “Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi”, “Gözəlsiz bir gülşən zindana bənzər, sevgisiz bir başda əqrəblər gəzər”, “Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü.” kimi aforizmlərini səsləndirib.

Kafedranın baş müəllimi fil.f.d. Mahirə Hacıyeva Hüseyn Cavid yaradıcılığından bəhs edərkən, qeyd edib ki, Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. Hüseyn Cavidin həyat amalı xalqını azad və xoşbəxt görmək, türk dünyasının birliyi istəyidir. M.Hacıyeva vurğuladı ki, Hüseyn Cavid yaradıcılığının əsası xeyir və şər konsepsiyalarıdır və onların mərkəzində insan durur.

Daha sonra seminarda kafedranın baş müəllimi İlahə Məmmədova, kafedranın doktorantı Səadət Novruzova çıxış ediblər. İ.Məmmədova qeyd edib ki, ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır". S.Novruzova isə öz çıxışında Hüseyn Cavidin ölümü haqqında maraqlı faktlar söyləyib. O, bildirib ki, 1937-ci il repressiyasının Azərbaycan ədəbiyyatına vurduğu Hüseyn Cavid boyda zərbə güman ki, tarix boyu unudulmayacaq. O, milli düşüncənin formalaşması üçün bütün həyatını sərf etmişdi. Ölümünə səbəb də məhz bu mövqeyi idi.1937-ci ildə Sibirə sürgün edilən Hüseyn Cavid 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində gözlərini əbədi olaraq yumub. 59 illik həyatında Cavid milli ədəbiyyatın ən gözəl nümunələrini yaradıb.

Seminarın sonunda kafedranın müdiri professor Məsməxanım Qazıyeva son sözü Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirova verib.  Dekan qeyd edib ki, xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Məhz bu dürüst qiymətin nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncama əsasən Hüseyn Cavidin anadan olmasının 135 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir.

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir.

O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.