XƏBƏRLƏR

Davranış etiketlərinə düzgün əməl edək! - Gəray Yusifovun yazısı

13 fevral, 2019

İnsanın kamilliyini, intellekt səviyyəsini, eləcə də onun bir şəxsiyyət kimi bütövlüyünü göstərən amillərdən biri, bəlkə də elə birincisi, onun davranış etiketlərinə necə əməl etməsidir desək, məncə, səhv etmərik. Əlli illik pedaqoji əmək fəaliyyətim ərzində bir çox hallarda davranış etiketlərinin pozulmasını görmüşəm, amma yaxın keçmişdə işlədiyim universitetin gənc müəllimi (əgər müəllimə demək mümkündürsə) Vüsalə Ağabəylinin bu nəcib qaydanı kobud şəkildə, nümayişyana pozması faktı məni bu məqaləni yazmağa məcbur etdi. Əvvəlcədən onu deyim ki, fakültə dekanı vəzifəsində işləyən bu xanım, dekan seçkisi haqqında qüvvədə olan təlimatın tələblərini pozaraq “seçilmişdir”. Belə ki, dekan seçkisində iştirak edən adam ya professor, ya da ən təcrübəli dosent olmalıdır. Vüsalə xanım isə nə professor, nə də dosent deyildir, onun sadəcə, mürəkkəbi qurumamış fəlsəfə doktoru diplomu var idi. Qanundankənar yolla dekan vəzifəsinə “seçilmiş” bu “ərköyün” dekan universitetin rektorunun bütün haqlı tələb və iradlarını “top-tüfənglə” qarşılamaqla ona qarşı laqeydlik edirdi.

 Nəhayət, işində buraxdığı nöqsanlara görə, eləcə də professor-müəllim və tələbə kollektivinin rəyini nəzərə alaraq, o, dekan vəzifəsindən azad edildi. Davranışında olan nöqsanlar, hərəkətlərində olan qüsurlar haqqında düşünmək və onları düzəltmək üçün tədbir görmək əvəzinə, Vüsalə xanım yenə düzgün olmayan yol seçmişdir. O, indi də kollektivə, universitetə və onun rektoru, ölkəmizdən çox-çox uzaqlarda tanınan akademik Kamal Abdullaya böhtan atır, iftira yağdırır, qara yaxır, özündən yalan-yalan “faktlar” uydurur. Üzümü Vüsalə xanıma tutub deyirəm:

 “Ay qızım, bəlkə də nəvəm Vüsalə! Necə ki, cavansınız, belə böhtanatmanı, qarayaxmanı tərgidin! Bu sizi uçuruma aparır! Öz elmi səviyyənizi artırmaq, dünyagörüşünüzü genişləndirmək haqqında düşünün. Ucuz və primitiv hisslərdən uzaq olun! Öz əsəblərinizi qoruyun, başqalarının, xüsusilə də sizi əhatə edən insanların əsəblərinə hörmət edin! Bilin ki, məhv olan əsəb neyronları heç vaxt bərpa olunmur! O ki qaldı mən sizin dedikləriniz haqqında nə düşünürəm? Bu belədir: Nə üçün dekan olmaqda israrlısınız? Sizin bu vəzifədə nə marağınız var? Axı, müəllim kimi işinizi davam etdirirsiniz. Biz bilirik ki, sizi öyrədənlər var. Onların kimlər olduğunu hamı bilir. Bu kollektivdə mən 9 rektorla işləmişəm. Akademik Kamal Abdulla onuncudur. Bu rektorlardan başqa heç kim tələbələr qarşısında çıxış edərək deməyib ki: sizə lazım olan kitab kitabxanada yoxdursa, satışdan alın, sənədi gətirin, universitet sizin pulunuzu ödəyəcək! Dediyini də edir! Akademik Kamal Abdulladan başqa heç bir rektor hər bayramda (onların sayı ildə altıdır) hər müəllimin hesabına 50 (əlli) manat pul göndərməyib. Bu isə yüz ədəd zavod çörəyi, ya da 5 kq ət deməkdir. Akademik Kamal Abdulladan başqa heç bir rektor dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələri yaratmamışdır. Kamal Abdulladan başqa heç bir rektorun təşəbbüsü ilə qaçqın-köçkün məktəblərində pedaqoji təcrübə keçirilməyib. Belə faktlar çoxdur. Odur ki, kollektiv, o cümlədən biz ağsaqqallar, onu çox istəyirik. Sizə də, Vüsalə xanım, ondan üzr istəməyi məsləhət bilirəm. Xeyir taparsınız. Bu, Kamal müəllimə yox, sizə, mənə və bütövlükdə millətə lazımdır. Ona görə ki, mehribançılıq olan yerdə tərəqqi olur. Sizə xeyirxah məsləhət verməyə həmişə hazıram!”

                                                                                                                                   Gəray Yusifov,

Təhsil fakültəsi nəzdində

Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti,

Əmək veteranı