XƏBƏRLƏR

İntellektual təhsilin daimi ünvanı: Azərbaycan Dillər Universiteti - Nigar Zeynalova yazır

12 fevral, 2019

Hər bir ölkənin gələcək inkişafını, sosial-iqtisadi və digər sahələrdə tərəqqisini onun xalqının təhsili, savadı, elmi biliyi və bundan asılı olan dünyagörüşü müəyyənləşdirir. Cəmiyyətin ictimai, sosial, hüquqi və digər sahələrinin inkişafı bilavasitə təhsillə bağlıdır. Təsadüfi deyil ki, "təhsil millətin gələcəyidir" kəlamının müəllifi, Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirir, təhsilin tərəqqisi üçün bütün zəruri tədbirləri, layihələri həyata keçirirlər. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", habelə dövlət proqramları bir zamanlar respublikamızda bu sahədə həlli vacib olan problemləri qısa zamanda aradan qaldırdı və sürətli inkişafa yol açdı. Respublikamızın intellektual potensialının əsası hesab edilən yüksək təhsilə, elmi dünyagörüşünə malik peşəkar kadrlar ordusunun yetişməsi məhz ölkə rəhbərliyinin gərgin əməyinin, bu sahəyə qayğı və diqqətinin səmərəsidir. Lakin bu məsələdə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin, o cümlədən təkcə respublikamızda deyil, onun sərhədlərindən kənarda da nüfuzu ilə seçilən Azərbaycan Dillər Universitetinin də üzərinə böyük vəzifələr, milli ruhlu yük düşür.

Avropanın ən müasir texnologiyalarının Azərbaycan cəmiyyətinə daşıyıcısı - ADU

Xarici dil üzrə yüksək peşəkarlığa malik kadrların yetişdirilməsi, mütəxəssis hazırlığı baxımından Azərbaycanın müasir təhsil ocaqları ailəsində illərdir öncül mövqe tutan Azərbaycan Dillər Universiteti yalnız yüksək səviyyəli kadrların hazırlığı ilə deyil, həm də maraqlı təşəbbüslər, layihələrlə digər universitetlərdən seçilir. Universitetin xarici dillər üzrə mütəxəssisləri - peşəkar müəllimləri beləcə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdıqları ərazilərdə fəaliyyət göstərən məktəblərdə tədrisin keyfiyyətinin yüksəlməsinə xüsusi diqqət yetirir. Məhz Azərbaycan Dillər Universiteti Azərbaycanda ilk dəfə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdıqları bölgələrdə fəaliyyət göstərən məktəblərdə pedaqoji təcrübə, habelə digər layihələr həyata keçirib. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev tərəfindən irəli sürülən bu ideya, həm müəllim, həm də tələbə kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı. Tələbələrin bu ideya ətrafında cəm olması, müraciətlərin hədsiz çoxluğu universitet rəhbərliyini layihənin miqyasını daha da genişləndirməyə sövq etdi. Bütün innovativ təşəbbüslərə həssaslıqla yanaşan rektor akademik Kamal Abdullayev bununla bağlı bütün zəruri addımların atılmasına göstəriş verdi. Azərbaycan Dillər Universiteti tələbələrimizin təcrübə keçdiyi məcburi köçkün məktəblərinin maddi-texniki bazasının güclənməsi üçün bir sıra tədbirlər həyata keçirməkdədir. Hazırda ADU tələbələri pedaqoji və istehsalat təcrübəsini Cocuq Mərcanlı, Ağdam, Füzuli, Kəlbəcər, Xocavənd, Zəngilan və məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldıqları digər məktəblərdə uğurla keçirlər.

Universitetin Azərbaycan təhsilinin inişafına verdiyi töhfə bununla yekunlaşmır. Qubanın Xınalıq, Şamaxının ucqar Qızmeydan kəndlərində keçirilən pedaqoji və istehsalat təcrübələri də buna əyani misaldır. Azərbaycan Dillər Universitetinin bu istiqamətdə həyata keçirdiyi layihələr öz bəhrəsini verir. Təkcə onu vurğulamaq kifayətdir ki, məhz universitetin tələbələrinin təcrübə dövründə göstərdiyi uğurlu fəaliyyət nəticəsində Xınalıq kəndindən ilk dəfə bir qız Qəribova Aynurə Afər qızı məhz Dillər Universitetini seçib. O, hazırda universitetdə təhsil alır.

Bütün bunlar universitetin təhsil siyasətinin qayəsini təşkil edir. Məsələ burasındadır ki, pedaqoji təcrübənin məcburi köçkün ailələrindən olan məktəblilər üçün təşkili gələcək nəslin savadlı kadr kimi yetişməsinə, milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların vətəndaşlıq mövqeyinin formalaşmasına, millət, Vətən təəssübkeşliyinə xüsusi təsir göstərib. Elə bunun nəticəsidir ki, bu il Cocuq Mərcanlıda, Xınalıqda və digər bölgələrdə pedaqoji təcrübə üçün nəzərdə tutulmuş yerlərə onlarla tələbə ərizə ilə müraciət edib.

Azərbaycan Dillər Universiteti qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldıqları məktəblərin maddi-texniki bazasının möhkəmlənməsini də diqqətdə saxlayır. Adları sadalanan təhsil ocaqlarının kompyuter, zəruri texniki avadanlıqlarla, pedaqoji vəsaitələrlə təmənnasız şəkildə təmin etməsini qeyd etmək yerinə düşür. Həmin məktəblərin müəllim heyətinin təcrübə və biliyinin genişlənməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilmiş təlim kurslarının keçirilməsi Azərbaycan Dillər Universitetinin, o cümlədən rektor akademik Kamal Abdullayevin məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.

Artıq ikinci ildir ki, Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasına həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda respublika tələbə-şagird elmi konfransı təşkil olunur. Respublikada ilk dəfə tələbə konfransına şagirdlərin qatılması da məhz Dillər Universitetində baş tutmuşdur. Tələbə və orta məktəb şagirdlərinin birlikdə keçirdiyi konfransın əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizin müxtəlif regionlarını, o cümlədən, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı məktəbləri təmsil edən şagirdlər iştirak edir. Onların hər birini universitetin professor-müəllim heyəti hazırlayır. Şagirdlər akademik mühitlə, universitet həyatı ilə tanış olur, özlərinə yeni dostlar tapırlar. Şagird və tələbələr “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqoqika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda məzurələrlə iştirak edirlər.

ADU-nun rektoru akademik Kamal Abdullayevin şəxsi təşəbbüsü, diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər universitetin ölkəmizin təhsil sahəsindəki rolunu artırır, eyni zamanda universitet tələbələrinin respublikamızın ictimai həyatında daha yaxından iştirakına rəvac verir.

Ən geniş beynəlxalq əlaqələrə malik təhsil ocağı

Azərbaycan Dillər Universiteti yalnız respublikamızda əcnəbi dilli kadrların hazırlanmasına, orta məktəblərdə xarici dillərin mükəmməl tədrisinə deyil, beynəlxalq əlaqələrə də mühüm önəm verir. Universitetin hədəfi həm də dünyanın aparıcı ali təhsil ocaqları ilə tərcübə mübadiləsi, əməkdaşlıq, gələcək layihələr fonunda onlarla rəqabət qabiliyyətinin yüksəltməkdir.

Ölkə rəhbərliyinin Azərbaycan təhsilində islahat proqramına ən çevik və operativ münasibəti Azərbaycan Dillər Universitetinin simasında açıq-aydın müşahidə etmək mümkündür.  Belə ki, müasir dövrdə əmək bazarında yüksək peşəkarlığa malik kadrların hazırlığı öyrədənlərdən başlanmalıdır. Məhz bu məqsədlə universitetin rektoru akademik Kamal Abdullayevin təşəbbüsü ilə ADU-da ixtisasartırma şöbəsi yaradılıb, müxtəlif universitetlərlə müqavilələr imzalanıb, təkmilləşmə prosesi məqsədyönlü şəkildə həyata keçirilməyə başlanılıb.  Universitetin müəllim heyətinin elmi bilik və təcrübəsinin daha da təkmilləşməsi, innovativ təlim metodlarından istifadəsi məsədilə ixtisasartırma kurslarında iştirakı təşkil olunub.

Kiyev Milli Linqvistika Universitetində, Samara Linqvistika Universitetində ixtisasartırma proqramlarında, Minsk Dövlət Linqvistika Universitetində təcrübə mübadiləsində iştirak edən müəllimlər təcrübə mübadiləsilə yanaşı həmin müəssisələrdə ABŞ və digər ölkələrdən dəvət olunmuş mütəxəssislərin mühazirələrində, təlimlərində iştirak ediblər. Universitet rəhbərliyi adı çəkilən təhsil müəssisələri ilə yanaşı, dünyanın digər ölkələrində də professor-müəllim heyətinin təlim və seminarlarda iştirakını təmin edir.

Azərbaycan Dillər Universiteti təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində beynəlxalq təcrübədən də daim  bəhrələnir. ABŞ, Fransa, Çin, Hindistan, Serbiya, İndoneziya, Norveç, Avstriya  və s. ölkələrin səfirliklərinin təşəbbüsü ilə mədəniyyət və informasiya – resurs mərkəzləri fəaliyyət göstərir. Ali təhsil ocağında universitetin strukturlarının birgə əməkdaşlığı, burada peşəkarlara özlərini təqdim etmələri üçün hərtərəfli şəraitin yaradılması ADU-nun Azərbaycan təhsilində, tədqiqat və akademik idarəetmədə güclü beynəlmilləşmə strategiyası olan ilk ali təhsil müəssisəsi adını qazanmasına rəvac verib. Universitet bu uğurlara özünün intellektual səviyyəli, işgüzar və təşəbbüskar fəaliyyəti sayəsində nail olub.

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, universitetdə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi Essex Universiteti ilə 01 oktyabr 2010-cu il tarixdə imzalanmış müqavilə əsasında reallaşır, tələbələrin mübadiləsi sahəsində Qlasqo Universiteti ilə uzunmüddətli əməkdaşlıq edilir.

Universitet xarici dil kadr hazırlığı üçün əsas şərtlərdən hesab edilən kitabların, dərs vəsaitləri bazasının təkmilləşməsi faktorunu da diqqətdə saxlayır. ADU-da fəaliyyət göstərən Amerika Mərkəzi zəngin kitab və dövri nəşrlər kolleksiyasına malikdir. Kitab kolleksiyası elektron kataloqda öz əksini tapıb. Elmi bazalar: E-Library USA  (Amerika Kitabxanası) və JSTOR  kimi tammətnli elektron kitab bazalarını əhatə edir.

Əcnəbi mütəxəssislərin tədrisə cəlb olunması universitetdə fəaliyyət göstərən mərkəz və laboratoriyalar tərəfindən həyata keçirilir. Onlar təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, rəqabətədözümlülük baxımından  təqdirəlayiq fəaliyyət göstərir.

Frankofoniya Universitet Mərkəzi fransız dilli tələbə heyətinin sayının artırılması, tələbələrin kommunikasiya bacarıqlarının yaxşılaşdırılması, müəllim və tələbələrin pedaqoji resurslarla təmin edilməsi, müəllimlərin peşəkar bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlərin təşkili, Avropa Universitetləri ilə video-konfransların yaradılması, Fransadan müəllimlərin dəvəti, müəllim və tələbələrin təqaüd proqramlarına cəlb olunması istiqamətində təqdirəlayiq fəaliyyət həyata keçirir.

Rusiyaşünaslıq Elmi-Tədqiqat Laboratoriyası A.S.Puşkin adına Rus dili İnstitutu ilə əməkdaşlıq proqramı çərçivəsində “Dünyada rus dilinin səfirləri” adlı Beynəlxalq könüllülər proqramı həyata keçirir. Proqram çərçivəsində Rusiyanın müxtəlif şəhərlərindən gəlmiş könüllülər azərbaycanlı tələbələr üçün qısa müddətli dil kursları təşkil edir. Təlim kursu ərzində gənclər rus dili və mədəniyyəti ilə yaxından tanış olurlar. Tələbələrin təbii dil mühitinə daxil olması, dilin tədrisinin qeyri-adi, orijinal metodlar vasitəsilə təşkili onlarda yaradıcı təfəkkürün inkişafı, təlim motivasiyasının, dilə dair maraq və həvəsin yüksəlməsinə şərait yaradır. Laboratoriya tədrisin təkmilləşdirilməsi məqsədilə ADU ilə yanaşı, digər universitet və orta məktəb müəllimləri üçün “Pedaqogika: innovativ və yeni təcrübə” mövzusunda təlimlər həyata keçirir.

Ölkəmizdə xarici dilli kadr hazırlığını həyata keçirən universitet Azərbaycan dövlətinin multikulturalizm siyasətinə hərtərəfli dəstək verir. Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik” - sözlərini özünün fəaliyyət istiqamətlərindən birinə çevirən ADU işini həm də milli-mənəvi dəyərlər üzərində qurub.  Bu istiqamətdə universitetdə fəaliyyət göstərən Multikulturalizm elmi-tədqiqat laboratoriyası da həyata keçirdiyi fərqli tədbirlərlə seçilir. Laboratoriya beynəlxalq Qış və Yay multikulturalizm məktəblərinin təşkilini həyata keçirir. Yeri gəlmişkən qeyd edək ki, ADU-nu öncüllər sırasına çıxaran layihələr, təşəbbüslər və təqdir ediləcək tədbirlər kimi bu ideyanın da müəllifi rektor akademik Kamal Abdullayevdir.

ADU-nun rektorunun bu maraqlı ideyası sayəsində adı çəkilən məktəblərin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların birgə yaşaması haqqında interaktiv mühazirələr və müzakirələr təşkil olunur. Ənənəyə çevrilən məktəblərin nəticəsində xarici ölkələrdən dəvət olunmuş gənclərlə Azərbaycanlı tələbələrin intellektual gənclərdən ibarət ünsiyyət platforması yaranmışdır. İştirakçılar tədbir çərçivəsində Azərbaycanın müxtəlif  bölgələrinə səyahət edir, tarixi abidələr və digər görməli yerləri ziyarət edir, yerli icmalarla görüşür, müxtəlif mövzularla bağlı müzakirələr aparırlar.

Universitetimiz  dünyaya açıqdır. Qeyd etdiyim kimi, müxtəlif ölkələrdən dil daşıyıcıları təmsil etdikləri ölkələrin mərkəz və laboratoriyalarında mütəmadi olaraq mühazirə, seminar, ustad dərsləri, tamaşalar, esse müsabiqələri, viktorina, debat, tele-dərs, yaradıcı xarakterli tədbirlər həyata keçirir. Mərkəzlərin fəaliyyəti tələbələrin inkişafına təsir göstərir. Tələbələr dil daşıyıcıları ilə ünsiyyətə böyük əhəmiyyət verir və təcrübə əldə etmək üçün hər fürsətdən istifadə edirlər.

Hər bir dövr, şərait təhsilin bütün sahələrində olduğu kimi xarici dil hazırlığı üzrə yeni şərtləri diktə edir. Son təcrübələrə əsasən demək olar ki, hazırda ingilis, alman, fransız, ispan dilləri ilə yanaşı, Asiya ölkələrinin dilləri də (yapon, çin, koreya, indoneziya və s.) gənclərdə maraq doğurur.

Universitet bir sıra beynəlxalq layihələr, o cümlədən, TEMPUS, ERASMUS və ERASMUS mobillik proqramları çərçivəsində Avropa Birliyi universitetləri ilə ikitərəfli münasibətlər qurmuş, Türkiyə universitetləri ilə Mövlana mübadilə proqramı çərçivəsində əməkdaşlıq edir. Bu sazişlər İspaniyanın Mursia Universiteti, Fransanın ITIRI Strasburq, İtaliyanın Fondazione Milano SCM, Türkiyənin Həsən Kalyoncu Universiteti, Fransanın Bordo Universiteti, Türkiyənin Hacəttəpə Universiteti və digər təhsil ocaqları ilə imzalanıb.

Universitetdə AUL Channel fəaliyyət göstərir. ADU-nun  televiziyası universitet həyatının tədris, elm, beynəlxalq münasibətlər, humanitar və s. sahələr üzrə keçirilən tədbirlərin işıqlandırılması, müxtəlif çəkilişlərin aparılması ilə yanaşı tələbələrin iştirakı ilə maraqlı video layihələr üzərində işləyir.

Müasir dünyanın ən son yeniliklərinə, müasir texnologiyalarına ölkəmizdə ən çox açıq olan Azərbaycan Dillər Universitetində dil baxımından mütərəqqi yenilikləri daha çox mənimsəmək imkanı var. Bu nöqteyi-nəzərdən universitet Qərbin müasir texnologiyalarını Azərbaycan təhsilinə, cəmiyyətinə daşıyır.

İyirmidən artıq mərkəz və laboratoriyanın fəaliyyət göstərdiyi Azərbaycan Dillər Universiteti yalnız xarici dilin tədrisinə, bu sahə üzrə kadr hazırlığına deyil, habelə azərbaycançılıq məfkurəsinin təbliği, yayılmasına da xüsusi diqqət ayırır. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının fəaliyyət istiqamətlərindən biri də buna yönəlib. Azərbaycanşünaslığın təbliği, milli ideologiyamızın yayılması, milli məfkurəmizin daha geniş çərçivədə cəmiyyətə çatdırılması, müxtəlif ölkələrdə, o cümlədən, İndoneziya, Çin Xalq Respublikası, Serbiya universitetlərində Azərbaycanşünaslıq Mərkəzinin açılması, universitetin milli məsələlərə həssas yanaşmasından yaranan reallıqdır. Hazırda Rumıniya, Macarıstan və Rusiya ilə bu sahədə danışıqların aparılması Azərbaycan Dillər Universitetinin xarici dillərin ölkəmizdə tədrisi və milli maraqların çulğalaşması fonunda fəaliyyətin  təkmilləşdirdiyini əyani şəkildə sübut edir. Bir sözlə, universitetin fəaliyyəti geniş, aydın və çoxşaxəlidir. O, həm Azərbaycanda xarici dil üzrə peşəkar kadr hazırlığı, həm də Azərbaycanın milli maraqlarının, Azərbaycançılıq ideyalarının yayılması məfkurəsini özündə birləşdirir. Bu cür çətin və mürəkkəb funksiyaları yerinə yetirmək yalnız bircə şərtlə mövcud olub – Universitetin işgüzar, bacarıqlı, peşəkar rəhbərliyinin və kollektivin birgə, əlaqələndirilmiş fəaliyyəti sayəsində...